Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA
Təhsil Nazirliyi bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Abşeron rayonundan vakansiyaların təqdim edilməməsinə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə Abşeron rayonu istisna olmaqla ölkənin bütün bölgələrindən vakansiyalar təqdim edilib.
Qeyd olunub ki, Abşeron rayonu üzrə vakant yerlərin müsabiqəyə çıxarılmamasının əsas səbəbi 2013-2017-ci illərdə bu bölgədən xeyli sayda müəllimin müsabiqədənkənar işə qəbul olunması faktlarıdır: "Təhsil Nazirliyi müvafiq prosedurlara uyğun müəllim olmaq istəyən şəxslərin hüquqlarını pozan bu halı araşdırmaq üçün aidiyyəti qurumların təmsil olunduğu İşçi Qrupunun yaradılmasını təklif edib. İşçi Qrup vakansiyaların təqdim olunmasında ortaya çıxan pozuntuları, eləcə də müəllimlərin işə qəbulunun obyektiv araşdırılması istiqamətində iş aparacaq. Kütləvi pozuntu halları tam araşdırıldıqdan sonra İşçi Qrupunun verdiyi təkliflər əsasında Abşeron rayonu üzrə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək”.
Xatırladaq ki, dünəndən ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda artıq 4 min nəfərə yaxın şəxs imtahan verib. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib.
İmtahanlarda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.
İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.
İmtahanlar avqustun 5-dək davam edəcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı əldə ediblər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan RespublikasıTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.
A24.az