9 nəfərin saxta yolla şəhadətnamə aldığı aşkarlanıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək aparılan araşdırmalar nəticəsində xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı bir sıra saxtakarlıq halları aşkarlanıb.
AzTehsil.com xəbər verir ki, bu müddət ərzində “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələblərinə uyğun olmadığı üçün tanınmadan imtina edilmiş 12 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etdiyi müəyyən edilib. Faktlarla bağlı materiallar qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib.
Məlumata görə, son 5 ay ərzində bu qəbildən 9 yeni hal da aşkar olunub.
TKTA vətəndaşlara xəbərdarlıq edərək qeyd edib ki, bəzi şəxslər tərəfindən tanınma qərarlarının müxtəlif qeyri-rəsmi üsullarla dəyişdirilə biləcəyi ilə bağlı verilən vədlər həqiqətə uyğun deyil və bu cür hallara yol verilməsi qanunvericilikdə müəyyən olunmuş məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə səbəb ola bilər. Bu baxımdan, vətəndaşlara yalnız qanunvericilikdə müəyyən olunmuş rəsmi prosedurlar çərçivəsində hərəkət etmələri tövsiyə olunur.