"Universitet diplomu var, bacarıq yoxdur"
Azərbaycanda ali təhsil müəssisələrindən məzun olan şəxslərin iş tapmaqda çətinlik çəkmələrinin əsas səbəblərindən biri universitetlərin tədris proqramları ilə işəgötürənlərin tələb etdiyi bacarıqlar arasındakı uyğunsuzluğun olmasıdır. Təhsil müəssisələrində nəzəri biliklərə daha çox önəm verilir, praktik bacarıqlar isə kifayət qədər vurğulanmır. Nəticədə, bir çox məzun işə qəbul prosesində gözlənilən bilik və bacarıqlardan geri qalır və bu da onların peşə fəaliyyətinə başlamasını gecikdirir.
Universitetlərin tədris proqramları ilə işəgötürənlərin tələb etdiyi bacarıqlar arasında hansı fərqlər var? Bu fərqlər universiteti bitirənlərin iş tapmasına hansı problemlər yaradır?
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, universitetlərin tədris proqramları ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluq artıq illərdir ölkədə ən ciddi təhsil problemlərindən biri kimi qalır:
“Təhlil göstərir ki, ali məktəblərin böyük əksəriyyəti hələ də nəzəri biliklərin ötürülməsi ilə kifayətlənir, praktiki bacarıqlar isə ya formal xarakter daşıyır, ya da ümumiyyətlə diqqətdən kənarda qalır. Halbuki əmək bazarı müasir texnologiyaları bilən, yeni ideyalar irəli sürən, laboratoriya və istehsalat təcrübəsinə malik gənclər tələb edir. “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində açıq şəkildə yazılıb ki, ali təhsilin əsas məqsədi əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Reallıq isə ondan ibarətdir ki, universitetlərin çoxu bu vəzifəni icra etmir”.
Ekspert statistik göstəricilərin problemin miqyasını daha aydın göstəriyini vurğulayıb:
“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə universitet məzunlarının 37 faizi ixtisası üzrə işlə təmin olunmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğularına görə, işəgötürənlərin 65 faizi məzunların praktiki bacarıqlarını yetərli hesab etmir, 54 faizi isə onların müasir texnologiyalarla işləmək qabiliyyətini zəif görür. Bu, təsdiq edir ki, universitetlərin tədris proqramları bazarın real ehtiyaclarına cavab vermir.
Universitetlərin laboratoriya bazası olduqca zəifdir. Bir çox ixtisaslarda tələbələr yalnız nəzəriyyə ilə kifayətlənir, laboratoriyaya girsələr belə, avadanlıqlar köhnəlmiş, müasir standartlara cavab verməyən vəziyyətdədir. Nəticədə mühəndis, texnologiya, kimya, biologiya üzrə məzunlar bazarda real iş şəraitinə uyğun bacarıq qazanmadıqları üçün işəgötürənlər onları əlavə hazırlıq kurslarından keçməyə məcbur edirlər. Halbuki Almaniyanın “dual təhsil” modelində tələbələr təhsil aldıqları müddətin ən azı yarısını müəssisələrdə keçirir və bu təcrübə rəsmi olaraq CV-də qeyd olunur. Finlandiyada tələbələrin hər semestr mütləq layihə və laboratoriya işləri var. ABŞ-də isə məzunların 70 faizdən çoxu hələ universitet illərində “internship” proqramlarında iştirak edir. Bu təcrübə məzun olduqda onları birbaşa əmək bazarına hazır vəziyyətə gətirir. Azərbaycan universitetlərində isə praktika müddətləri qısa, məzmunu zəif, laboratoriyalar isə çox zaman formal xarakter daşıyır”.
Müsahibimiz məsələnin müsbət və mənfi tərəflərinə toxunub:
“Müsbət tərəfi odur ki, Elm və Təhsil Nazirliyi bu problemi gizlətmir və açıq şəkildə etiraf edir. Nazirliyin son illərdə universitetlərin tədris proqramlarının yenilənməsi, əmək bazarına inteqrasiyanın gücləndirilməsi, tədris planlarında praktiki fənlərin artırılması ilə bağlı təşəbbüsləri təqdirəlayiqdir. Nazirlik haqlı olaraq universitetlərin passiv mövqeyini tənqid edir və onların daha müasir yanaşmaya keçməsini tələb edir. Bu, təhsilin keyfiyyətinə ciddi təsir göstərəcək müsbət siyasətdir.
Lakin mənfi tərəf ondan ibarətdir ki, universitetlərin böyük hissəsi hələ də dəyişməyə hazır deyil. Tədris planları illərlə eyni qalır, yeni texnologiyalar dərs proqramlarına daxil edilmir, müəllimlərin böyük qismi müasir biliklərlə silahlanmayıb. Nəticədə tələbələr yalnız diplom alır, amma əmək bazarında istifadə edilə biləcək real bacarıqlar qazanmaqda çətinlik çəkirlər. Bu, həm dövlət büdcəsinə, həm də gənclərin gələcəyinə zərbədir”.
K.Əsədovun sözlərinə görə, universitetlərin tədris proqramları ilə əmək bazarının tələbləri arasında böyük fərq var və bu fərq məzunların iş tapmasını çətinləşdirir:
“Nə dəyişəcək sualına cavab odur ki, Elm və Təhsil Nazirliyinin islahatları nəticəsində universitetlər əmək bazarının tələblərinə uyğun proqramlar hazırlamalı, laboratoriya bazasını gücləndirməli və praktikaya daha geniş yer verməlidirlər. Nə dəyişməlidir sualına cavab isə ondan ibarətdir ki, universitetlər formal diplomvermə funksiyasından imtina edib real kadr hazırlığına keçməlidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təhsildə keyfiyyət artımına zəmin yaradır, lakin universitetlərin məsuliyyətsizliyi hələ də böyük problem olaraq qalır. Nazirliyin sərt mövqeyi və tələbkarlığı bu vəziyyətin dəyişməsi üçün əsas təminatdır”.