Bu müəllimlərlə görüş keçirilib
Sentyabr konfransının növbəti – İkinci yarımgünlük iclası keçirilib .
AzTehsil.com xəbər verir ki, sentyabrın 4-də Şəki şəhər N. Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində fəaliyyət göstərən ibtidai sinif, Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən qabaqcıl müəllimlərlə görüş təşkil olunub.
Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət xanım Mehdiyeva, İdarə müdiri Günay xanım Mahmudova və struktur bölmə rəhbərləri də iştirak edib.
Konfransın 2-ci günü qarşılıqlı müzakirələrlə davam etdirilib. Müzakirə çərçivəsində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, eləcə də valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, konfransın 2-ci gününün qarşılıqlı müzakirə formatında təşkilində əsas məqsəd ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir.