Abşeron–Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Abşeron–Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
AzTehsil.com xəbər verir ki, konfransda 2024–2025-ci tədris ilinin yekunlarına dair hesabatla çıxışı edən Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər haqqında məlumat verib. O bildirib ki, idarənin 3 illik fəaliyyəti ərzində qarşıya qoyulan məqsədlərin 60-70 faizinə nail olunub.
İ.Abdullayevanın sözlərinə görə, idarə yarandığı dövrdən region üzrə 33 müəssisə rəhbəri işdən çıxarılıb.
Abşeron rayonunda şagird sıxlığı məsələsinə toxunan idarə rəhbəri yeni məktəblərin tikilməsinə ehtiyac olduğunu deyib. O, Xırdalan məktəblərində şagird sayının çoxalmasına, Xızı rayonunda isə şagird sayında gedən azalmaya diqqət çəkib.
İlhamə Abdullayeva qeyd edib ki, Abşeron-Xızı regionunun şagird nəticələrinə görə ölkə üzrə yüksək yer tutmasına baxmayaraq, 2023-2024-cü tədris ili ilə müqayisədə 2024-2025-ci tədris ilində bu nəticələrdə azalma müşahidə edilib. Bununla belə, 9-cu sinif üzrə nəticələrdə artım qeydə alınıb.
İdarə rəhbəri məktəbəhazırlıq qruplarının artırılmasını da vacib sayıb.
İdarə rəhbəri direktorlara dərs bölgüsü, dərs cədvəli, əvəzolunma məsələlərində mövcud olan problemlərin aradan qaldırılmasını, direktor müavinlərinin işlərinə daha məsuliyyətlə yanaşmasına diqqət yetirilməsini tövsiyə edib.