Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
AzTehsil.com xəbər verir ki, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında 28 May – Müstəqillik Gününə həsr olunmuş "Tariximizin ən parlaq və şanlı səhifəsi-28 May Müstəqillik günü' adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzi kitabxananın, MKS-nın filialların əməkdaşları və rayon ziyalıları iştirak ediblər.
Tədbir çərçivəsində kitabxana əməkdaşları çıxış edərək, 28 May – Müstəqillik Gününün tarixi, ictimai və siyasi əhəmiyyətindən bəhs ediblər.
Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan, xalqımızın qürur mənbəyi olan 28 May – Müstəqillik Günü tədbirdə böyük sevinc və iftixarla qeyd olunub.
1918-ci il mayın 28-də Şərqdə ilk Demokratik Respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu mühüm hadisə xalqımızın azadlıq, müstəqillik və dövlət quruculuğu iradəsinin parlaq təzahürü idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm nailiyyətlərə imza atdı: ilk parlament yaradıldı, milli ordu formalaşdı, qadınlara seçki hüququ verildi, maarif sahəsində əhəmiyyətli islahatlar həyata keçirildi. Beləliklə, dövlət idarəetmə sistemi formalaşdırıldı və müstəqil dövlətçilik ənənələrinin əsası qoyuldu.
1991-ci ildə Azərbaycanın müstəqilliyi yenidən bərpa olunduqdan sonra xalqımız bu tarixi böyük coşqu ilə qarşılayıb. Müstəqil dövlətin möhkəmlənməsi və inkişafı ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təmin olunub. Nəticədə, ölkəmiz dönməz müstəqillik yoluna qədəm qoyaraq sürətli inkişaf mərhələsinə keçib.
Bu gün Azərbaycan Respublikası dünya dövlətləri arasında layiqli mövqe tutur. Müstəqillik Gününü qeyd etməklə yanaşı, hər bir vətəndaş bu tarixin mahiyyətini dərindən dərk etməli və bu dəyərləri gələcək nəsillərə çatdırmaq üçün çalışmalıdır.
Qoy xalqımızın birliyi, müstəqilliyimiz və azadlığımız daim yaşasın!
Tədbirin sonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarx və sərgi nümayiş etdirilib.
Yaşasın Müstəqil Azərbaycan!
Bayramınız mübarək!