Qızılca və qaib burulğanında: Dərsə gedə bilməyən tələbələrin aqibəti necə olacaq? - ARAŞDIRMA + FOTO
Azərbaycanın ali məktəblərində qızılcaya yoluxma halları qeydə alınıb. Rəsmi qurumlar infeksiyaya yoluxan şəxslərin kütləvi yoluxdurma riskini nəzərə alaraq karantin qaydalarını zəruri hesab edirlər. Bu səbəbdən universitetlərdə də tədris prosesində çətinlik yaranır. Belə ki, qızılcaya görə dərsdə iştirak edə bilməyən tələbələrin qaib problemi ortaya çıxır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na görə, ali təhsil müəssisələrində hər tələbənin 25 faiz davamiyyətsizlik limiti var. Qızılcaya görə qaib limitini keçən və buna görə imtahanlara buraxılmayan tələbələr üçün isə qanun çərçivəsində hər hansı güzəşt nəzərdə tutulmayıb. Bəzi universitetlərdə belə məqamlarda tədris distant formada aparılsa da, bu proses bütün universitetlərdə həyata keçirilmir.
Belə olan təqdirdə dərslərə qatıla bilməyən tələbələrin aqibəti necə olacaq?
“Report” məsələnin aktuallığını nəzərə alaraq araşdırma aparıb.
Bakı Dövlət Universitetindən (BDU) sorğuya cavab olaraq bildirilib ki, qızılca infeksiyası ilə bağlı hələ ki tələbələrin müraciəti qeydə alınmayıb. BDU-nun nəzdində yerləşən 30 saylı poliklinika fakültələrdə mütəmadi səyyar yoxlamalar aparır, epidemioloji vəziyyət nəzarətdə saxlanılır.
Universitetdən vurğulanıb ki, qızılcaya yoluxan tələbələrə güzəştin edilib-edilməməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) də qeyd edilib ki, hazırda tələbə və işçilər arasında qızılcaya yoluxma halları müşahidə edilmir:
“Bununla belə, az sayda əməkdaş və tələbənin müəssisədən kənarda qızılcaya yoluxma halı qeydə alınıb. Onlar sağaldıqdan sonra yenidən tədrisə qoşulublar. Tələbələrin hər hansı bir xəstəliyə görə dərsdə iştirak etməməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarla tənzimlənir. Onların dərsdə iştirak edə bilməməsinə gəlincə, qaibi yaranan tələbələrə qarşı hər hansı güzəşt nəzərdə tutulmayıb. Tələbə dərsdə iştirak etməyəndə onun dərsdə olmadığı mütləq bildirilməlidir”.
Azərbaycan Tibb Universitetindən (ATU) isə deyilib ki, indiyədək cəmi üç tələbə qızılcaya yoluxub:
“Bu tələbələrin qaibləri nəzərə alınacaq. Qızılcaya yoluxduğu vaxt dərs buraxan tələbələr üçün tədris onlayn və ya offlayn qaydada yenidən təşkil olunacaq. Hazırda universitetdə dərslər qənaətbəxşdir”.
Azərbaycan Pedaqoji Universitetində (ADPU) bu günə qədər bir tələbə qızılcaya yoluxub.
“Bir neçə tələbə qızılca əlamətlərini hiss etdiyi və ya xəstələndiyini bildirərək dərslərdə iştirak etmir. Dərsə davamiyyət məsələsinə gəldikdə isə bununla bağlı hazırda xüsusi imtiyaz və ya güzəştlər nəzərdə tutulmur. Qanunların tələbinə uyğun olaraq dərslərdə iştirak etməyən tələbələrə qaib yazılır. Nəzərə alsaq ki, tələbələrin qanunla 25% dərsdə iştirak etməmək hüququ var, bu müddətdə dərsə gəlməməkləri onların aqibətinə ciddi təsir göstərməyəcək. Digər hallar baş verərsə, tədris ilinin sonunda rəhbərlik tərəfindən hər hansı addımın atılması ehtimalı da mümkündür”, - ADPU-dan bildirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) aldığımız məlumata görə, qızılcaya yoluxan tələbələr dərslərdə distant qaydada iştirak ediblər, bu halda onlara qaib yazılmır:
“İki həftə öncə iki tələbəmiz qızılcaya yoluxub. Onlar həmin dövrdə dərslərə distant şəkildə qoşulublar. Ona görə də qaib problemi yaranmayıb. Ümumiyyətlə, bu və ya digər formada xəstəlik oldu və ya olmadı, tələbə 25% limiti keçirsə, deməli, həmin fənn üzrə tədris almayıb. Qızılca elə də ağır hal deyil”.
Azərbaycan Texniki Universitetində (AzTU) bu günədək qızılca diaqnozu qoyulan tələbə olmayıb:
“Əgər belə hal olarsa, o zaman rəhbərlik hansı qərar versə, ictimaiyyətə açıqlanacaq”.
Lənkəran Dövlət Universitetindən (LDU) də kütləvi yoluxma halı müşahidə edilmədiyi qeyd edilib:
“Tək-tək hallarda yoluxma halları müşahidə edilib. Hazırda auditoriyalarda qızılcaya yoluxan tələbə yoxdur. Qızılcaya görə davamiyyəti pozan və qaibi yaranan tələbələr barədə rektorluq çərçivəsində qərar veriləcək”.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, bu məsələdə təhsil müəssisələri, Elm və Təhsil və Səhiyyə nazirlikləri arasında əlaqə yaradılmalıdır.
O, “Report”a açıqlamasında qeyd edib ki, bir şəxs hansısa xəstəliyin daşıyıcısıdırsa, müvafiq olaraq müalicə aldığı yerdən sənəd alır:
“Bu sənədə əsasən, universitet nəzərdə tutulan güzəşti tətbiq edə bilər. Bu məsələdə Elm və Təhsil Nazirliyi, bütün təhsil müəssisələri və Səhiyyə Nazirliyi arasında düzgün kommunikasiya qurulmalıdır. Kommunikasiyadan düzgün istifadə edilməli, informasiya mübadiləsi təmin olunmalıdır. Ola bilər, hər hansı bir şəxs virusa yoluxmayıb, amma bundan sui-istifadə edə bilər. Hazırda, təəssüf ki, təhsil müəssisələrində infeksiyaya yoluxma hallarına rast gəlinir. Məktəblərdə olduğu kimi, universitetlərdə də lokal xarakterli qapadılmanı zəruri hesab edirəm. Düşünürəm ki, hər hansı universitetdə fakültələr üzrə yoluxma faktı çoxdursa, lokal qapanma ola bilər. Koronavirus təcrübəsindən yararlanaraq dərslər 10-14 günlük distant qaydada təşkil edilə bilər. Təbii, bu, universitetlərin verdiyi qərardır. Hesab edirəm ki, əgər infeksiyaya yoluxan tələbə müvafiq sənəd gətirirsə, buna humanizm prinsipi ilə yanaşılmalıdır. Tələbənin xeyrinə qanunvericilik çərçivəsində qərar qəbul edilməlidir”.
İnfeksionist İbrahim Rufullayev “Report”a bildirib ki, universitetdə yoluxma halları və ya hər hansı infeksiya varsa, qoruyucu maska taxılmalı, gigiyenik qaydalara riayət edilməlidir.
“Məlum məsələdir ki, peyvənd olunmayan şəxslərin qızılca infeksiyasına yoluxma riski var. Gigiyenik qaydalar mütləqdir. Xəstələrin izolyasiyası və peyvənd barədə maarifləndirmə mütləqdir. Kütləvi yoluxmanın qarşısını almaq üçün qızılcaya yoluxan şəxslər təcrid olunmalıdırlar. Düşünmürəm ki, universitetlərdə qızılcaya yoluxmalarda kütləvi hal yaşanacaq, çünki tələbələrin çoxu, ehtimal ki, vaxtında peyvənd olunub”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə qeyd olunub ki, ali məktəblərdə aşkarlanan hər bir qızılcaya yoluxma halı olduqda xəstələr kollektivdən təcrid edilirlər:
“Səhiyyə Nazirliyi tərəfindən ölkədə qızılca infeksiyasına yoluxma halları ilə bağlı ali məktəblərdə də epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Belə ki, ali məktəblərdə qızılcaya yoluxma faktı aşkarlandıqda xəstələr kollektivdən təcrid edilir, ərazi tibb müəssisəsi tərəfindən tibbi nəzarətə götürülürlər. Həmçinin, rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xəstə ilə təmasda olanlar üzərində 21 gün müddətinə tibbi müşahidə davam etdirilir”.
Elm və Təhsil Nazirliyi də ali təhsil müəssisələrində tələbələrin qızılca xəstəliyinə yoluxma hallarının mövcudluğunu təsdiqləyib:
“Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü bəndinə əsasən, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, tələbələr yoluxma halları baş verdiyi təqdirdə sözügedən qaydaların tələblərinə müvafiq olaraq, 25 faiz davamiyyət limiti hüququndan istifadə edə bilərlər.
Əlavə olaraq bildiririk ki, gələcəkdə yoluxma halları kütləvilik təşkil edərsə, müvafiq qurumlarla qarşılıqlı əməkdaşlıq şəklində risklər təhlil olunacaq və dövlət səviyyəsində müvafiq qərarlar qəbul ediləcək”.
Beləliklə, ölkədə qızılcaya yoluxma hallarının müşahidə edilməsinə baxmayaraq, bu, kütləvi deyil. Mütəxəssislər, əsasən, peyvənd olunmayan şəxslərin qızılcaya yoluxduqlarını bildirirlər. Bununla belə, infeksiyaya qarşı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.
Qeyd edək ki, son aylarda Azərbaycanda da daxil olmaqla dünyanın bir sıra ölkələrində qızılca infeksiyasına yoluxma və ölüm halları müşahidə edilir.