Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib
Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.
Paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli, Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Mərkəzin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Flora Osmanova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, paytaxtın Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıblar.
Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.