Müəllimlər və şagirdlər kurikulumdan əziyyət çəkirlər
“Azərbaycanın təhsil sistemində kurikulum birbaşa tətbiq olundu. Kurikulumun mahiyyətini dərindən bilən, tam mənimsəyən kadrlar hazırlanmadan bu sistemə keçildi. Nəticə etibarilə bu gün ortada xaotik bir vəziyyət hökm sürür. Bu gün həm müəllimlər, həm də şagirdlər düzgün tətbiq olunmayan kurikulum sistemindən əziyyət çəkirlər”.
Bu fikirləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, Azərbaycanda kurikulum standartlarına uyğun tədris prosesinə 2009-cu ildən başlanılıb. 2023-cü ildə kurikulum əsasında təhsil almış şəxslər pedaqoq olaraq əmək bazarına buraxılacaqlar. Həmin şəxslər kurikulumdan dərs dedikləri halda biz bu sistemdən müvafiq bəhrə görə bilərik. Hal-hazırda isə ümumtəhsil müəssisələrində kurikulum sisteminə tamamilə yad olan şəxslər dərs dedikləri üçün lazımi nəticə əldə edə bilmirik:
“Hesab edirəm ki, qarşıdakı beş il ərzində faktiki kurikulum əsasında təhsil almış şəxslərin müvafiq nəticə vermədiyini gördükdə, o zaman bu sistemdən tamamilə imtina etməliyik. Yeni təhsil metodlarının tətbiqinə başlamalıyıq”.
Ekspert bildirib ki, kurikulumun effekt vermədiyi təsdiqləndiyi təqdirdə onun əvəzinə yeni bir metod istifadə olunmalıdır. Bu, Sinqapur və ya Finlandiya modeli ola bilər. Həmçinin yeni Azərbaycan modeli də yaratmaq olar. Bunun üçün Təhsil İnstitutu, eləcə də Elmlər Akademiyası çalışaraq özümüzə məxsus bir model yarada bilərlər. Təbii ki, əvvəlcə beynəlxalq təcrübə araşdırılmalı və öyrənilməlidir:
“Azərbaycan da öz modelini yarada bilər. Bunun üçün imkanlar var”.