"Təhsil ocaqlarında xoşagəlməz hallara görə birbaşa Təhsil Nazirliyi cavabdehdir" - EKSPERT
“Təəssüf ki, bəzi şəxslər öz mənafelərini insanların həyatından daha üstün tuturlar”.
Bu sözləri əksər təhsil ocaqlarının qəzalı vəziyyətdə olmasına və baş verən bədbəxt hadisələrə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, təhsil ocaqlarında xoşagəlməz halların yaşanmasına birbaşa Təhsil Nazirliyi cavabdehdir: "Orta məktəb binalarının uçması faciəvi haldır. Bu vəziyyətin məsuliyyətini daşıyan aidiyyatı qurumlar Təhsil Nazirliyi və eyni zamanda, nazirliyin tabeliyində təmir-tikinti işləri üzrə qurumlardır. Naxçıvanda isə aiddiyyatı qurum bu hadisədə məsuliyyət daşıyır. Ümumilikdə, uçqunlar təmirdə istifadə olunan materialların keyfiyyətsizliyindən baş verə bilər. Görünən odur ki, təhsil ocaqlarının uçması müəyyən şəxslərin məsuliyyətsiz davranaraq tikinti materiallarının daha ucuz olmasına çalışmasıdır. Bu gün ölkədə 4440 məktəb var. Bakıda təmirə ehtiyacı olan məktəblərin sayı az olsa da, regionlarda say daha çoxdur. Bölgələrdə istifadəyə yararsız məktəblər həddindən artıq çoxdur. Belə ki, təxminən 500-ə yaxın məktəbin əsaslı təmirə ehtiyacı var".
Ekspertin bildirib ki, bəzi şəxslər öz mənafelərini insanların həyatından daha üstün tuturlar: "Prezidentin fərmanına əsasən, son dövrlər modul tipli məktəblərin tikintisinə start verilib. Ən azından, yararsız məktəblərdə bu tip təhsil ocaqları tikmək olar. Əslində, hər bir qurum işinə daha məsuliyyətlə yanaşarsa, faciəvi hallar müşahidə olunmaz. Təəssüf ki, bəzi şəxslər öz mənafelərini insanların həyatından daha üstün tuturlar”.Tehsil.biz