Bu adlar müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu artırar.
“Xalq yazıçısı”, “xalq şairi”, “xalq artisti”, “xalq rəssamı” olduğu halda, nəyə görə xalq müəllimi olmasın?
Açıq və səmimi etiraf edək ki, müəllimin bu günkü nüfuzu əvvəlki nüfuzu deyil.Ona görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib.
Hesab edirəm ki, "Əməkdar müəllim" fəxri adı ilə yanaşı “Xalq müəllimi" adının da təsis edilməsi, əks halda sadəcə "Əməkdar müəllim" adının “Xalq müəllimi" ilə müəllimi ilə əvəz edilməsi müəllimi xalqa daha da yaxınlaşdırar, müəllim-valideyn münasibətlərində yaranan soyuqluğu aradan qaldırar, müəllimin nüfuzunu nəzərə çarpacaq dərəcədə artırar.
“Xalq müəllimi” “Əməkdar müəllim”dən daha yüksək statusdur. Xalq yazıçısı, xalq şairi, xalq artisti, xalq rəssamı olduğu halda, nəyə görə xalq müəllimi olmamalıdır? Yazıçı, şair, artist, rəssam xalqa müəllimdən bu qədərmi yaxın, doğma və ya əzizdir? Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı və digər bir çoxlarını xalq şairi kimi tanıyır və qiymətləndiririk... Həyatını xalqın balalarının təlim- tərbiyəsinə həsr edən hansısa bir müəllimi də bu adla şərəfləndirib, gürurlandırsaq, nəyimiz əksiləcək?
Tariximizin 70 illik bir dövründə ümumittifaq miqyasında olan fəxri adlarla yanaşı respublikamızda müxtəlif sahələrə aid fəxri adlar da olmuşdur. Belə ki, 1928-78-ci illərdə Azərbaycanda "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR xalq yazıçısı", "Azərbaycan SSR əməkdar elm xadimi", "Azərbaycan SSR əməkdar müəllimi", "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" və başqa fəxri adlar təsis edilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə isə 45 fəxri ad müəyyən edilmişdir.
O cümlədən dəAzərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının fəxri adları haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdı ki, fəxri adların vəsiqələrinin nümunələrini və döş nişanlarının təsvirlərini və eskizlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.
Axı, bir vaxtlar ölkəmizin hüdudlarından da çox-çox uzaqlarda tanınan İsrafil Şükürov, Zahid Şöyübov kim xalq müəllimlərimiz olub. Məhər Quliyev, Məsmə Atakişiyeva, Zərbəli Səmədov kimi müəllimlərimizin adları dillər dastanına çevrilmişdi. Bir çox məktəblərimiz nömrəsi ilə deyil, onun direktorunun adı ilə tanınırdı – Sona Tağıyevanın məktəbi, İsfəndiyar müəllimin məktəbi və s.
Çünki, onların qabaqcıl iş təcrübəsi öyrənilmiş, geniş müzakirə olunduqda sonra, bütün Respublika üzrə yayılması tövsiyyə olunmuşdu. İndi ildə ölkə üzrə 100-qədər müəllimə fəxri adlar veririk, əksəriyyətini də çoxları tanımır. Əməkdar müəllim fəxri adına təqdim olunan namizədlərin sayını minimuma endirməklə, ildə bir və ya iki ildən bir maksimum iki nəfərə Xalq müəllimi adı verməklə müəllimin nüfuzunu daha da artırmış olarıq.
Mən deyərdim, gənc müəllimləri həvəsləndirmək və rəğbətləndirmək, habelə rəqabətliliyi gücləndirmək məqsədilə “Ən yaxşı gənc müəllim” döş nişanının, hətta uzun illər təhsil sahəsində çoxcəhətli və səmərəli fəaliyyətini mənəvi cəhətdən stimullaşdırmaq məqsədilə, təqaüdə çıxan müəllimlərin müəyyən qrupuna təqdim etmək üçün “Əməkçi müəllim” fəxri adının təsis edilməsi də müəllimin nüfuzunun qaldırılmasında, müəllim peşəsinə marağın artmasında əhəmiyyətli dərəcədə rol oynaya bilər...
Düzdür, elə müəllimlərimiz var ki, fəxri adsız belə xalq tərəfindən sevilib və dəyərləndirilib. Bununla belə, "Xalq müəllimi" statusu isə, xalqın sevgisinin dövlət tərəfindən tanınması və təsdiqlənməsidir. Elə isə, əks təqdirdə "xalq şairi", "xalq yazıçısı", "xalq rəssamı", "xalq artisti" fəxri adlarını da ləğv edək və ayrı-seçkiliyə birdəfəlik son qoyaq. Konkret olaraq bu məsələ ilə bağlı başqa təkliflərimiz varsa buyuraq...