Bu hallarda valideynlər diqqətli olmalıdır! - Məktəbdə bullinq
Məktəbdə yeniyetmə yaşında olan qızlara və oğlanlara fiziki görünüşləri ilə bağlı neqativ fikirlərin deyilməsi onların bullinqə məruz qalmasına səbəb olur və aqressiya doğurur.
Qızlara “sən köksən”, “ayaqların əyridir”, “səni filan oğlan istəyir” kimi şayiələr daha çox təsir edir.
Bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.
O bildirib ki, bənzər durum oğlan uşaqlarında da öz mənfi təsirini göstərir:
“Belə ki, oğlanlara “sən zəifsən”, “sən eybəcərsən”, “bığlarına bax” kimi sözlərlə psixoloji təzyiqlər, eləcə də birbaşa fiziki şiddətin tətbiq edilməsi faktları ola bilir. Eyni zamanda qismən seksual xarakterli davranışların sərgilənməsi ola bilər ki, oğlan uşaqları bu zaman tez-tez dalaşır, aqressiv olurlar və evdəkilərlə mübahisəyə meyilli olur. Qızlar isə məktəbə getmək istəməməyə başlayırlar. Valideynlər diqqətli olmalıdırlar.
Qız uşaqları bullinqə məruz qaldıqları zaman tez-tez valideynlərindən “mən gözələmmi?” suallarını verirlər. Valideynlər bu kimi durumlardan artıq anlamalıdırlar və dərhal problemin həlli üçün tədbir görməlidirlər. Uşaqlar bunu büruzə verməməyə çalışırlar. Ona görə də valideynlər uşaqların özgüvəninin yerində olmasına, məktəbdən evə gələndəki ab-havasına baxmalı və məktəblə uşaq arasındakı münasibətləri müşahidə etməlidirlər. Valideynlərin uşaqları ilə dərsdən sonra həmsöhbət olmaları tövsiyə olunur”.