Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı
Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox əhəmiyyətlidir.
Müstəqil Azərbaycan dövlətini günkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülüb. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar nəticəsində Azərbaycan Təhsil sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılır.
Maraqlıdır, Azərbaycanda qəbul olunan təhsil proqramlarının icrası hansı səviyyədədir?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib ki, biz bəzən təhsil proqramları ilə tədris proqramlarını qarışıq salırıq, baxmayaraq ki, məqsəd və mahiyyət eyniliyi olsa belə bunlar tam fərqli anlayışlardır:
” Təhsil proqramı ediləcək hər hansı bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihənin planlaşdırma şəklinə çevrilmişdir.Təhsil Standartına müvafiq hazırlanmış əsas təhsil proqramının quruluşu cəmiyyətin müasir bilik əldəetmə metoduna qoyduğu tələblər nəzərə alınaraq təhsil paradiqması dəyişdirilmiş, yeni məzmun, yanaşmalar, metodlar təqdim edilmişdir. Təhsil proqramının quruluşu, məzmunu, tələbləri Dövlət Təhsil Standartının tələbləri ilə müəyyən edilir. Belə bir proqram fəaliyyətin məqsədi, planı, tətbiqetmə metodları və yollarının göstərildiyi və mübahisələndirildiyi bir sənəddir. Tədris proqramı isə hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəddir. Tədris planı hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəddir”.
Təhsil eksperti qeyd edib ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra digər sahələrdə olduğu kimi təhsildə də köklü islahatlar zərurəti ortaya çıxdı :
“Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. 35 il müddətinə nəzərdə tutulan ən sanballı təhsil proqramından sonra “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq etdi. Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlandı və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən etdi.
Onu da qeyd etmək lazımdır ki, bəzi proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi icra prosesində ləngidiyinə görə, yaxud adekvat olmadığına görə də, narazılıqlar yaranır. Bu da bu layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır. Belə problemlər kurikulumlarla da yaşanır və kurikulumların təkmilləşdirilməsi və yenilənməsi üzrə işlər davam etdirilir.
Məlumdur ki, gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri maddi çatışmazlıqlardır. Bu cür çətinliklərin öhtəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilmişdi. Proqram həm bakalavr, həm magistratura və reziderantura, eyni zamanda, doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutmuşdu. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində, azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun oldu. Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib. Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq. Təhsillə bağlı proqramlar çoxdur. Təqaüd proqramları ilə yanaşı, texniki dəstək proqramları, ayrı-ayrı ölkələrin universitetləri ilə əməkdaşlığa dair proqramlar var. Bununla belə yeni təhsil proqramları ilə bağlı təsnifata yenidən baxılmasına zərurət yaranır”.
Ekspert vurğulayıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Bu vəzifələrin həyata keçirilməsində, strateji hədəflərə çatmaqda təhsil proqramlarının rolu və əhəmiyyəti danılmazdır”.
Təhsil eksperti Adil Vəliyev isə bildirib ki, elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzuların baxımlılığını artırmaq üçün günün və gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır:
“Hazırda mədəni-maarif və təhsil sahəsində proqramlarımız azdır. Ancaq bu proqramların azlığını, ya da heç olmamasını bizim kimi tamaşaçıların və iştirakçıların aktivliyi müəyyən edir. Əslində, xalq olaraq təhsili sevən biriyik. Çünki cibimizdə 5 manat pulumuz olsa, özümüz ac qalar, ancaq o pulla övladımıza təhsil verməyi düşünərik. Ətrafımızda bir çox şəxsdən soruşsaq ki, ən son təhsilə aid hansı proqrama baxmısan, inanın ki, 10 nəfərdən 9-u cavablaya bilməz. Çünki təhsilin tədrisini bizdən öncəki nəsilə doğru anlatmayıblar. “Oxusun adam olsun”, “evlənsin adam olsun” kimi düşüncələrə sahib istəmədiyiniz qədər insan var. Birincisi təhsilə, ikincisi mədəniyətə aid olan bu cümlələrin hər ikisinin də başlanğıcı evdən, ailədən başlayır. Biz, ümümiyyətlə, müzakirələrlə öyrənməyi daha çox sevirik. Diqqət etsəniz görərsiniz ki, sakit tərzdə iki nəfərin təqdim etdiyi verlişlərə baxış sayı çox olmur. Bu hər sahədə belədir. Necə ki dərsdə sorğu – sual edilən bir mövzunu daha yaxşı anlayırsan, o cümlədən də hər hansı proqramda təhsil, mədəniyyət və s. sahələrdə müzakirə əsasında proqramları daha rahat və ətraflı anlaya bilirsən. Hazırda TV kanallarında “Sabaha saxlamayaq” və “Çıxışa doğru” proqram var ki, bu proqramlar ictimaiyyətin maraqları daxilində, gündəmə uyğun olaraq bir çox mövzularda müzakirələr aparır və hər iki veriliş də kifayət qədər baxılır. Elm, təhsil, mədəniyyət və s. istənilən maarifləndirici mövzuları baxımlı edilməsi üçün günün və gələcəyin tələblərinə, problemlərinə uyğun formatda etmək lazımdır. Problem, müzakirə və həll yolları olan proqramlar istənilən yaş qrupunun maraq dairəsinə aid edilə bilər.Təhsil hər zaman yenilənmə tələb edən bir sahədir.Ancaq biz yenilənməni yüklənmə kimi qəbul etdiyimiz üçün öyrənməyimiz də çətin olur.Necə ki pandemiya zamanı kompyuteri açmağı bilməyən müəllimlər vardı, indi isə müxtəlif proqramlardan istifadə edirlər. Təhsilin hər pilləsində bu keçərlidir.Fikrimcə əlimizdə olanları inkişaf etdirsək,öyrənməyə,yenilənməyə maraqlı olsaq daha çox uğur əldə edərik”.
Təhsil ekspərti Elçin Əfəndi isə qeyd edib ki, Təhsil proqramlarının hazırlanmasında müasir dünya standartlarının əsas götürülməsi vacibdir:
“Azərbaycan Respublikası Təhsil İnstitutu müvafiq təhsil proqramlarının hazırlanmasında əsas rol oynayır. Ümumi təhsil proqramlarının hazırlanması və icrasında müəyyən çatışmazlıqlar olsa da bunun aradan qaldırması üçün Təhsil İnstitutu müntəzəm olaraq çalışır. Müvafiq dərsliklərin, proqramların hazırlanması və bu istiqamətdə görülən işlər zamanı qabaqcıl ölkələrin təhsil proqramları əsas götürülərək müəyyən tələblər həyata keçilir. Təhsil proqramları tam müasir standartlara cavab vermir. Azərbaycanda əsas təhsil proqramları əsasən kurikulum təhsil sisteminə əsaslanır. Yaxşı olardı ki, təhsilin davamlı inkişafını təmin etmək üçün Sinqapur, Fillandiya müasir Avropa təhsil proqramlarını əsas götürək. Bu zaman proqramların hazırlanması və icrasında daha səmərəli nəticələr əldə etmiş olarıq”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.