"Avropa təhsil məkanına inteqrasiya ilə bağlı müvafiq sərəncamlar, sənədlər var və burada əsas mahiyyət ondan ibarətdir ki...”
Son bir neçə gündə Azərbaycan təhsilində kurikulum və Boloniya sisteminin ləğv olunması ilə bağlı ciddi fikirlər səslənməkdədir. İlk olaraq təklif Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovdan gəldi. Şura sədri Azərbaycanın özünün təhsil konsepsiyası olduğunu, xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti olmadığını, kurikulum və Boloniya sisteminin heç bir xeyri olmadığını bildirdi. Ardınca isə şuranın sədr müavini Nadir İsrafilov sosial şəbəkədə kurikulum və Boloniya sisteminin özünü doğrultmadığını qeyd etdi:
"Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik”.
Nadir İsrafilov
Qeyd edək ki, hər iki sistem artıq uzun illərdir Azərbaycan təhsilində tətbiq olunmaqdadır. Belə ki, Boloniya sisteminə ölkəmiz hələ 2005-ci ildə qoşulub. Bu proses Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Bu prosesin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir.
Boloniya prosesinə qoşulmaqla tələbələrin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni dövlət standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində olmağı nəzərdə tutur.
Kurikulum sisteminə gəldikdə isə Azərbaycanda 2008-2009-cu tədris ilindən birinci siniflərdə bu sistemin tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bu sistem dünyanın bir çox ölkələrində tətbiq olunur. Lakin ölkəmizdə valideynlərin böyük əksəriyyəti bu sistemdən narazılıq edir, onun heç bir işə yaramadığını qeyd edirlər.
Bəs Təhsil Nazirliyi son müzakiərlərə necə münasibət bəsləyir? Yaxın gələcəkdə kurikulum və Boloniya sisteminin ləğvi gözlənilirmi?
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Yeni Müsavat”a danışıb. Nazirlik əməkdaşı ilk olaraq kurikulumla bağlı müzakirələrə münasibət bildirib:
"Bildiyiniz kimi, 2008-ci ildən başlayaraq kurikulum sistemi təhsilin yeni məzmun istiqaməti olaraq tətbiq olunur. Bu günə qədər təhsilin məzmunu ilə bağlı xeyli dəyişikliklər baş verib, o cümlədən məzmun standartları yenilənib, qiymətləndirmədə yeni yanaşmalar tətbiq olunub. Yəni bütövlükdə kurikulum ciddi, böyük bir prosesdir və bu proses 10 ildən çoxdur ki, ümum orta təhsil mərhələsində öz sözünü deyib.
Bu söz ad olaraq ola bilər ki, bir qədər fərqli səslənir, amma bu təhsilin yeni məzmun kontekstidir. Fərqli dizayn və yaxud "göydən düşmə” bir tərz yoxdur. Hər zaman Azərbaycan təhsilində, həmçinin dünyanın bütün təhsil sistemlərində onun məzmun tərəfi olub. Bəzi ölkələrdə buna kurikulum, Türkiyədə Müfredat deyilir və sairə. Yəni kurikulum "göydən düşmə” sistem deyil. Təksə təhsilin deyil, ümumilikdə hər bir işin öz kurikulumu var. Bu, mahiyyət və tərcümə etibarı ilə bütövlükdə proqram, yol, istiqamətdir.
Qeyd etdiyim kimi, artıq bir neçə ildir ki, Azərbaycan təhsilində kurikulum tətbiq olunur və prosesin orta təhsil mərhələsində keyfiyyət üstünlükləri var".
Cəsarət Valehov Boloniya sisteminin də əhəmiyyətindən danışıb:
"Boloniya Avropa təhsil məkanının vahid bir mövqeyə gəlməsidir və burada ali təhsilin vahid məkanda ifadə olunmasıdır. Zaman-zaman bununla bağlı tənqidlər də meydana gəlir, bəzən haqlı, bəzən də haqsız tərəflər olur.
Amma söhbət ondan gedir ki, Boloniya sistemi özünü Avropa məkanında, həmçinin tətbiq edilən digər məkanlarda özünü doğruldub. Tələbə, pedaqoji heyətin mobilliyi, tezliklərin tanınması və sairə. Bu sistemdə də kifayət qədər yaxşı təcrübə və istiqamətlər var.
Bununla bağlı fikirlər, yanaşmalar fərqli ola bilər. Ona görə də biz, sadəcə, prosesin ümumi dəyərini qiymətləndirə bilərik".
Cəsarət Valehov onu da vurğuladı ki, hansısa sistemin ləğvindən söhbət belə gedə bilməz: "Azərbaycan ali təhsil məkanının Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı müvafiq sərəncamlar, sənədlər var və burada əsas mahiyyət ondan ibarətdir ki, bizim təhsilimizin yeni inkişaf meyarları, dünyaya inteqrasiya imkanları genişlənsin, artsın və bununla bağlı biz dünyada baş verən qlobal prosesləri daha yaxşından izləyə bilək və daha yaxından tətbiq edə bilək”.
Nazirlik sözçüsü baş verə biləcək dəyişikliklərdən də söz açıb: "Dəyişikliklər barəsində qeyd edə bilərəm ki, ötən il tələbə qəbulu ilə bağlı dəyişikliklər baş verdi. Bilirsiniz ki, artıq 10 ildir təhsilin yeni məzmun standartları ilə təhsil alan ümum təhsil məktəblərinin məzmunları yeni qaydalar əsasında buraxılış, tələbə qəbulu imtahanlarında iştirak etdilər. Şübhəsiz ki, getdikcə bunun sərhədləri və miqyasları artacaq”.