Müasir və yaradıcı təhsil təşkilatçısı
Dosye:
Azərbaycan Respublikasının təhsil naziri əvəzi Firudin İsa oğlu Qurbanov 29 avqust 1952-ci ildə Agsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma” fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1975-ci illərdə orduda xidmət edib. 1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışıb.
1994-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman, Gənclər, İdman və Turizm Nazirliyində Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
1995-2002-ci illərdə Gənclər və İdman Nazirliyinin Elmi-Metodiki Şurasının sədr müavini, 2001-2005-ci illərdə Elmi-Metodiki Şurasının sədri olub. 1998-ci ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının,2003-2005-ci illərdə Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramlarının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub.
Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının təhsil nazirinin müavini təyin olunub.
2018-2019-cu illərdə Bakı Dövlət Universitetinin rektor əvəzi olub.
İngiltərə, Danimarka, ABŞ, İsveçrə, Fransa, Nepal, Uruqvay, Niderland,Almaniya, Türkiyə, İspaniya, Avstriya, Çin və s. xarici ölkələrdə beynəlxalq elmi konfrans, simpozium və seminarların iştirakçısı olmuş və aktual mövzularla çıxış etmişdir. İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərlərin müəllifidir.
Müasir informasiya cəmiyyəti yüksək idarəetmə vəzifələrini irəli sürür. İdarəetmə mədəniyyəti uğurlu inkişafın, layiqli və firavan həyatın mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Bu gün hər hansı bir təşkilatın uğurlu fəaliyyətinin ən mühüm amillərindən biri idarəçilik mədəniyyətinin səviyyəsi ilə bağlıdır. Müasir rəhbər yalnız problemləri aşkar etməklə kifayətlənmir, həm də onların peşəkar və səmərəli həll yollarını təklif edir. Bu baxımdan rəhbər kadrların şəxsiyyəti ictimai münasibətlərin optimallaşdırılması amili kimi qarşıda duran vəzifələrin həyata keçirilməsini təmin edir.
Azərbaycan Respublikasında idarəetmənin əsas prinsipləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını, milli inkişaf strategiyasını formalaşdırmışdır. Ümummilli liderin inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.
Müasir inkişaf mərhələsi Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter alması, milli dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi yüksəliş üçün möhkəm təməlin yaradılması, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə tariximizə həkk olunur.
Müasir Azərbaycan tarixinin "qızıl dövrü” dövlətçiliyin keşiyində qətiyyətlə dayanan İlham Əliyev fenomeni ilə birbaşa bağlıdır. İlham Əliyev şəxsiyyətinin böyüklüyü onun fəaliyyətinin geniş spektri ilə əlaqəlidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyib ali dövləti vəzifəni qəbul edən cənab İlham Əliyev əməli addımları ilə bütün dünya azərbaycanlılarının lideri olmuşdur. Bu baxımdan İlham Əliyevin mübarizliyi, əzmkarlığı və lider təəssübkeşliyi hər bir rəhbər şəxs üçün əsl örnək hesab edilə bilər.
Müasir dövrdə Azərbaycanın hərtərəfli tərəqqisi zəngin təcrübəyə, böyük istedada, yüksək mənəvi keyfiyyətlərə və idarəçilik qabiliyyətinə, tükənməz enerjiyə malik kadrların rəhbər vəzifələrə irəli çəkilməsi ilə bağlıdır. Rəhbər şəxsin dövlətə xidməti və xalqa faydalılığı, ilk növbədə onun vətənə sədaqəti, milli adət-ənənələrə sadiqliyi, vətəndaşlara hörməti, diqqəti və qayğısı ilə ölçülür. Liderlik keyfiyyəti zamanı qabaqlamaq, düzgün və vaxtında təhlil etmə bacarığı, hər bir situasiyada çevik tədbir görmə məharətidir. Firudin Qurbanov çoxillik fəaliyyəti ilə bütün cəmiyyətin təqdirini və rəğbətini qazanmışdır. Firudin müəllim, ilk növbədə, istedadlı və novator alim kimi özünü layiqincə təsdiqləməyə nail olmuşdur. İndiyə qədər onun 60-dans çox elmi əsəri çap olunmuşdur. O, istedadlı alim olmaqla bərabər, həm də görkəmli təhsil təşkilatçısı kimi tanınır. Uzun illər təhsilin idarə edilməsi sahəsində səmərəli fəaliyyət göstərən Firudin müəllim bir çox dəyərli layihələrin reallaşdırılmasına böyük töhfə vermişdir.
Təhsil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Müasir dövrdə inkişafın əsasında elm və təhsilin rolunu və elmi-texniki tərəqqinin əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə təhsil işçilərinin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Təhsilin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsidir. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən modernləşmə kursu təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır, həm də resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi və yürüdülən sistemli siyasət elm və təhsilin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa, bu sahədə uğurlar qazanmağa imkan yaratmışdır.
Bu məsələlərin həllində Firudin müəllimin fəaliyyəti xüsusi qeyd edilməlidir. Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda təhsil sahəsində böyük nailiyyətlərə imza atılacaqdır. Hər bir təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Firudin müəllim təhsil nazirinin müavini kimi bu istiqamətdə yorulmadan çalışır. O, qısa müddət Bakı Dövlət Universitetinə rəhbərlik edərkən bu təhsil ocağının inkişafı üçün önəmli addımlar atmışdır. Bu gün isə ölkə Prezidentinin Sərəncamı ilə Təhsil nazirinin səlahiyyətlərinin icrası kimi məsul vəzifəni böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirir.
Biz inanırıq ki, Firudin müəllimin rəhbərliyi altında Azərbaycan təhsili öz tarixində yeni, parlaq bir dövr yaşayacaq, ölkəmizin tərəqqisinə layiqli töhfə verəcək.
Əlimusa İbrahimov
Politoloq