Oktyabrın 17-də "Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib.
Poqram BMT-nin Uşaq Fondu (UNİSEF), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə tərtib edilib.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda son illər edilmiş dəyişikliklərə əsasən bu sahədə kadr hazırlanması və əlavə təhsilin təmin olunması ilə əlaqədar müvafiq işlər görülüb. Hazırda həyata keçirilən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında bu məsələ öz əksini tapıb.
Nazir deyib ki, ölkə əhalisinin təqribi yarısının 29 yaşına qədər olduğunu nəzərə alsaq, gənclər siyasəti sahəsində və gənclərlə birbaşa işləyən mütəxəssislərin hazırlanması olduqca vacib məsələdir. Bizim təşəbbüsümüzü dəstəkləyən BMT-nin Uşaq Fondu bu layihəyə beynəlxalq ekspertləri cəlb edib, gənclər siyasəti və menecmenti sahəsində mütəxəssislər üçün magistr proqramı hazırlamağa başlayıb. Bu işdə əsas tərəfdaşımız Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası olub.
Beynəlxalq ekspertlərin layihədə əməyini yüksək qiymətləndirən nazir deyib: "Ekspertlər qismində Estoniyanın Tallinn Dövlət Universitetinin mütəxəssisləri cəlb olunub. Onlar bu sahədə bir neçə ölkənin qabaqcıl təcrübəsini nəzərdən keçirərək bizim 6 ali təhsil ocağının müəllim və mütəxəssisləri ilə birgə Azərbaycan üçün uyğunlaşdırılmış tədris proqramı hazırlayıblar. Sevindirici haldır ki, layihənin ikinci mərhələsində - növbəti iki il ərzində Tallinn Dövlət Universitetinin köməyi və UNİSEF-in dəstəyi ilə Azərbaycan və Estoniya arasında "Gənclərlə iş” ixtisası üzrə müəllim mübadiləsi aparılacaq. Əminəm ki, növbəti illərdə hamımız bu proqramın faydasını görəcək və gənclərlə işin daha mütəşəkkil şəkildə həyata keçirilməsinin şahidi olacağıq”.
UNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, magistr proqramı tərtib olunarkən gənclərlə iş üzrə təxminən 500 mütəxəssisin rəyi nəzərə alınıb. 2018-2019-cu illərdə altı ali təhsil müəssisəsi - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti və Gəncə Dövlət Universiteti bu proqramın tətbiqinə başlayıb. Proqram ixtisaslaşma ilə bağlı tədris planlarına uyğunlaşdırılıb. Bu ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən UNİSEF-in Estoniyadan olan ekspertinin rəhbərliyi ilə magistr proqram üzrə 13 akademik kurs hazırlanıb. Proqramın tətbiqi Azərbaycanın gənclərlə iş istiqamətində çox mühüm mərhələdir.
Proqramın əhəmiyyətindən danışan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə əhalisinin magistratura səviyyəsində gənclərlə iş üzrə mütəxəssislərin hazırlanması çox uğurlu layihədir. Proqram çox az ölkədə tətbiq olunur. Layihə çərçivəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının təmin edilməsi üçün ciddi addımlar atılıb.
Təhsil Nazirliyində gənclərlə işin prioritet sahə kimi qəbul olunduğunu diqqətə çatdıran nazir müavini bu təşəbbüsün dəstəkləndiyini bildirib. Firudin Qurbanov deyib: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Təhsil Nazirliyi 2018-ci ildə magistr proqramını təsdiq edib. İki ildir ki, bu ixtisaslaşma üzrə 6 ali təhsil müəssisəsində qəbul aparılır və artıq 80 nəfərə yaxın gənc magistratura səviyyəsində təhsil alır. Hesab edirəm ki, onlar gələcəkdə yüksəksəviyyəli mütəxəssis kimi formalaşa biləcəklər”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov layihə iştirakçılarına minnətdarlığını bildirib. Gənclər siyasəti və menecmenti sahəsində mütəxəssislər üçün magistr proqramının hazırlanmasını yüksək qiymətləndirən rektor bu sahədə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.
Sonra UNİSEF-in beynəlxalq eksperti xanım Tanya Dibou Azərbaycanda magistr proqramının tətbiqi ilə bağlı mövcud vəziyyət və gələcək işlər” mövzusunda təqdimat edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I kurs magistrlərinin Estoniyanın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirakı ilə bağlı videoçarx nümayiş olunub.
Sonda magistr proqramının praktiki bölmələrinin işlənib hazırlanmasına dəstək vermiş elmi işçilər mükafatlandırılıb.
AZƏRTAC