"Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Alınan məlumata görə, adı çəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.
Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.
Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az Fuad Hacıyev tərəfindən edilən dələduzluq faktı barədə məlumat vermişdi.
Bakı şəhər sakinləri Aqşin Məmmədov və Hacıağa Rzayev redaksiyamızla əlaqə yaratmışdılar.
Onlar ötən ilin mart ayında Kanadada işçi vizası əldə etmək üçün Xətai rayonunda yerləşən "Azure Park” ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən "Study In Turkey Azerbaijan” şirkətinin ofisinə müraciət ediblər.
Burada şikayətçiləri özünü şirkətin əməkdaşı kimi təqdim edən Zərbəli İmanov adlı şəxs qəbul edərək bildirib ki, onlar doğru ünvana müraciət ediblər. Bir həftə ərzində Zərbəli İmanov A.Mehdiyev və H.Rzayevlə işçi vizalarının rəsmiləşdirilməsinin bütün aspektlərini müzakirə edib.
Danışıqlar işçi vizası əldə etmək istəyən şəxslərin Z.İmanovla müqavilə bağlayaraq ona 15 700 manat pul köçürülməsi ilə yekunlaşıb. Sənədlər bütün fors-major halları nəzərdə tutan və ödənilən məbləği əks etdirən möhür və imza ilə təsdiqlənib. Bir neçə ay keçəndən sonra Zərbəli İmanovu tapmaq mümkün olmayıb, "Study In Turkey Azerbaijan” şirkəti isə əməkdaşlarının məsuliyyətini üzərinə götürməkdən imtina edib.
Üstəlik "Study In Turkey Azerbaijan” şirkətinin direktoru Fuad Hacıyev bildirib ki, Z.İmanov onların işçisi olmayıb və sadəcə olaraq şirkətin ofisində icarədar olub. Bu səbəbdən şirkətin direktoru Z.İmanovun əməllərinə görə məsuliyyət daşımır. "Study In Turkey Azerbaijan” şirkətinin rəhbəri həmçinin söyləyib ki, Z.İmanovun onlara 25 min manat borcu var.
Nəticədə zərərçəkənlər Xətai rayonunun 37-ci polis bölməsinə və digər instansiyalara müraciət ediblər.
Xaricdə təhsil almaq məsələsinə gəlincə, F.Hacıyev abituriyentlərin xarici universitetlərə qəbul olunmasına dair zəmanət verib. Sərfəli qiymət qarşılığında uşaqların valideynləri ilə müqavilə bağlayan F.Hacıyev sənədlərin hazırlanması, müsahibələrin verilməsi, test imtahanlarından keçmək mərhələsində uşaqlara köməklik göstərəcəyi haqqında öhdəlik götürüb.
F.Hacıyev həbsindən bir neçə gün əvvəl, 3 fevral tarixində, valideynlərdən biri ilə əlaqə saxlayıb. O, valideynə universitetə müraciət etmək üçün toplanılması lazım olan sənədlərin siyahısını göndərib. Lakin sonra məlum olub ki, F.Hacıyev abituriyentin sənədlərinin rəsmiləşdirilməsi üçün təhsil müəssisəsi ilə əlaqə yaratmaq niyyətində olmayıb.
Eyni zamanda məlum olub ki, bu vaxt ərzində F.Hacıyev özünə korluq verməyib, ən bahalı restoranları gəzib, hotellərdə istirahət edib. Halbuki F.Hacıyev xaricdə təhsil məsələləri üzrə mütəxəssislərdən biri hesab olunub, hətta televiziya verilişlərinə dəvət edilib.
Çox güman ki, yaxın keçmişdə F.Hacıyevlə müqavilə bağlayan bir çox valideyn saxtakarlığın qurbanı olduqlarını təsəvvürlərinə belə gətirmirlər. Bəlkə də bu məqalə onun yalanının qurbanı olan başqa insanları da tapmaqda istintaqa kömək edəcək.