Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?
Deyilənlərə, yazılanlara və bilavastə şahidi olanlara görə Finlandiyada təhsilə nəzarət edən orqanları ləğv ediblər. Başqa zözlə, bu ölkədə təhsilə nəzarət funksiyasını valideynlər həyata keçirir. Bütün normativ sənədlərin onların əlinin altında olması təmin edilib.
Nəzarətedici məmurların əməkhaqqını müəllimlərin ehtiyaclarına yönəldiblər. Şagird nailiyyətlərinin attestasiyası yalnız sonuncu siniflərə çamil edilir, o da ki, könüllülük əsasında, yəni ali məktəblərə qəbul olunmaq arzusunda olanlar üçün.
Kolleclərə qəbul yalnız müsahibə yolu ilə aparılır və s. Nətcə də ki, göz qabağındadır: məktəblər çiçəklənıb, fin təhsili Avropada ən yaxşı sistemə çevrilib. Maraqlı olduğu qədər, eyni zamanda düşündürücü məsələdir.
Bu misalı niyə çəkdim? Təhsildə dövlət siyasətinin demokratikləşdirmə, humanistləşdirmə kimi prinsiplərinə rəğmən nəyə görə biz təhsilin idarə olunması ilə bağlı hər sahədə özümüzə nə isə bir yersiz əl yeri saxlayırıq? İstər buraxılış imtahanları olsun, istər məzunların ixtisas seçimi olsun, istər müəllimlərin işə qəbulu olsun, istərsə də məktəbə direktorunun təyinatı olsun. Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər? Nəyə görə qanunverciliklə nəzərdə tutulmuş təhsil prosesinin iştirakçıları olan zümrələr hələ də bu prosesin bərabərhüquqlu subyektlərinə çevrilməyiblər? Bu halda "aşağıların” hansı nüfuzundan danışmağına dəyər? Suallar çoxdur.
Axı, biz bu mərhələni o qədər də uzaq olmayan bir vaxtlar keçmişik. Bu sahədə tam dolğun olmasa da, kifayət qədər təcrübəmiz var. Ali məktəbləri sevdiyimiz ixtisas üzrə özümüz seçmişik. Məktəblərə müəllimlər məktəbdə yaradılan təşkilat komissiyasnın rəyi əsasında qəbul edilib, məktəb direktorları bu vəzifəyə yerli təhsil orqanlarının təqdimatı əsasında təyin olunub. Heç uzağa getməyək, mən özüm təhsil şöbəsinin müdiri vəzıfəsinə Bakının Nəsimi rayonunun təhsil işçilərinin Konfransı tərəfindən namizədliyimin irəli sürülməsi və rayon təhsil şurasının 11 üzvünün gizli səs verməsi yolu ilə təyin olunmuşdum.