TKTA tərəfindən qeyri-formal və informal təhsil istiqamətində təltifetmə mərasimi keçirilib
AzTehsil.com xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “PAŞA Holding” MMC-nin maliyyə dəstəyi ilə həyata keçirilən “Peşəkar qadınlar” layihəsi çərçivəsində peşə ixtisasının qiymətləndirilməsi prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərin təltifedilməsi baş tutub.
Tədbirdə TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Mansur Rəhimli çıxış edərək peşə sənədi əldə edən ərizəçiləri təbrik edib, formal təhsilə çıxış imkanı məhdud olan, müxtəlif peşə sahələrində çalışan vətəndaşların bilik, bacarıq, təcrübə və səriştələrinin tanınmasının əmək bazarındakı dəyişikliyə müsbət təsiri və ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini qeyd edib.
Məlumat üçün bildirmək istərdik ki, TKTA ilə “PAŞA Holding” MMC arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Zərgər”, “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə 105 nəfər müraciətçi peşə ixtisasını təsdiq edən sənəd əldə edib.
Qeyd edək ki, qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda" əsasında tənzimlənir və əldə edilən peşə ixtisasını təsdiq edən sənəd vətəndaşa əmək fəaliyyətinə başlamaq hüququ verir.