Direktorlar məktəbdə bu yerləri gizlədir - EKSPERT
Sistemdə boş yerlər olsa da məktəb direktorları yerlərin dolduğunu deyirlər - Səbəb nədir?
“Mayın 1-dən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Yalnız həmin dövrdən etibarən valideynlər övladlarını qeydiyyat keçirə biləcəklər. Mayın 6-sı tarixindən etibarən isə konkret olaraq məktəb və müəllim seçimi prosesi aparılacaq. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək. Valideynlər seçim etmədən sistem şagirdləri yerləşdirəcək”.
AzTehsil.com xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Təhsil eksperti bildirib ki, əgər sistemdə qeyd olunan yer sayı dolubsa, yenidən həmin yerə müraciət etmək doğru deyil. Amma faktiki olaraq sinifdə 23 şagird varsa və 2 yer hələ də boşdursa və qediyyatdan keçmək mümkün deyilsə, bu halda, valideynlər Elm və Təhsil Nazirliyinə müraciət edərək vəziyyəti dəqiqləşdirə bilərlər:
“Məktəb direktorlarının və ya digər məktəb rəhbərliyinin bu prosesə müdaxilə etməsi ümumiyyətlə mümkün deyil. Çünki şagirdlərin yerləşdirilməsi elektron sistem vasitəsilə və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu sistemdə kənar şəxslərin, o cümlədən məktəb direktorlarının, müavinlərinin və digər şəxslərin müdaxiləsi mümkün deyil. Sistemdən kənarda şagird yerləşdirmə halları baş verə bilər. Məsələn, direktor əvvəlcədən bildirə bilər ki, "filan sinfi seçin". Sistem aktiv olduqda qeydiyyatdan keçən şəxslər artıq sistemdə qeydiyyata alınmış sayılır. Lakin, direktor boş yerlər olduğu halda həmin yerlərə məhdudiyyət tətbiq edə bilməz. Direktorun yalnız öz məqsədi üçün boş yerlər saxlamağa çalışması doğru yanaşma deyil. Əgər belə hallarla qarşılaşılaşarsa, vətəndaşlar Elm və Təhsil Nazirliyinə və ya Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinə müraciət edə bilərlər”.