AzTehsil.com


Xəbərlər / Ekspert
19 avqust 2023
993


Məktəbəhazırlıq qrupları uşağa nə verir?




Uşağın şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə malik olan məktəbəqədər təhsil məktəbə qədəm qoyacaq fidanların əvvəlcədən hazırlanması üçün vacibdir. Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışır ki, balacalar məktəbdə müvəffəqiyyətlə oxusunlar.


2016-cı ildən başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir.


Avqustun 15-dən ölkə üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçirilir.


Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.


Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Elm və Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.


Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.


Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarındə dərs ili iki yarımilə bölünür.


Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.


Müəllim Pərvin Qurbanova deyir ki, məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır: "Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik (öyrədici) oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasının əsasını təşkil edən oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və sosial inkişafından asılıdır. Qeyd olunanlar məktəbə hazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının fərqli təzahürləridir. Məktəbə getməyə hazırlaşan uşağın anatomik-fizioloji inkişafına diqqət yetirilməlidir. Fiziki inkişafın ləngiməsi uşağın əqli fəaliyyətinə mənfi təsir göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim prosesində tez yorulur, onun təlimə həvəsi azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik göstərirlər. Beşyaşlılarda skeletin sümükləşməsi, böyüməsi, daxili üzvlərin və sistemlərin, bütövlükdə orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq qruplarında fiziki hərəkətlərə, fəal oyunlara xüsusi diqqət yetirilməlidir. Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq nəsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən məktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini dəyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin prosesə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq prosesi keçməmiş uşaqlara hərf, rəqəm və s. yazdırmağa yol verilməməlidir". Müəllimin sözlərinə əsasən, məktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir: "Məktəbəqədər dövrün sonunda obrazlı təfəkkür son dərəcə konkret və situativ olur. Uşaq nəinki əşyanı əlamətlərinin rəngarəngliyi ilə təsəvvür edir, o, eyni zamanda onun mühüm xüsusiyyət və əlaqələrini də seçməyə qadirdir. Onda artıq əyani-sxematik təfəkkür formalaşır. Bu təfəkkür növü uşağın əşyanın müxtəlif sxematik təsvirlərini  anlamasını və uğurla istifadə etməsini bildirir. Uşaqlar şərti təsvirlərin daha da mücərrəd əlaqələrini anlamağa başlayırlar. Əgər məktəbəqədər dövrdə uşaqda əyani-obrazlı təfəkkür kifayət qədər formalaşmayıbsa, I sinifdə o, söz və cümlələrin sxemlərini tərtib etməkdə, şərti işarələr və oxlar vasitəsilə riyazi məsələlərin şərtini düzgün yazmaqda çətinlik çəkir. Məktəbəqədər dövrdə uşaqlarda məntiqi-mücərrəd təfəkkürün əsasları qoyulur. Bu, mücərrəd mühakimə yürütmə bacarığı tələb edir. 5-6 yaşlı uşaqlarda məntiqi mücərrəd təfəkkürün əsasları əyani-obrazlı təfəkkürə əsaslanır və onun təbii davamı kimi inkişaf edir. Uşaqlar ətraf mühitdə olanları sadə şəkildə təhlil edə bilirlər. Mühüm və ikinci dərəcəli xüsusiyyətləri ayırmaq, sadə mühakimə yürütmək, düzgün nəticə çıxarmaq bacarıqlarına yiyələnirlər. Bu bacarıqlar uşaqların bilik dairəsi ilə məhdudlaşır. Bilik dairəsi çərçivəsində uşaq uğurla səbəb-nəticə əlaqələrini qurur, bu isə uşağın nitqində öz əksini tapır".


Təhsil eksperti Nadir İsrafilov bildirib ki, məktəbəhazırlıq qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: "Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü büruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbəhazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrəşsinlər".


Ekspertin dediyinə görə, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: "Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır".


N.İsrafilov vurğulayıb ki, məktəbəhazırlıq qruplarının sayının artırılmasına ehtiyac var: "Bir çox hallarda valideynlər uşaqlarını evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna yönəldir ki, övladı birinci sinfə gedəndə təhsilini də həmin məktəbdə və müəllimədə davam etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən məktəblərdə I sinfə qəbul tələbatdan artıq olduğundan bir çox hallarda valideynlər çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda, valideynlər evindən daha uzaq məsafədə yerləşən məktəblərə üz tutmalı olurlar".


Ekspert əlavə edib ki, əlavə qruplar açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların sayına diqqət etmək önəmlidir: "Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu, gərəkli deyil. Uşaqların sayı 30-35-dən çox olan qrupları iki yerə bölmək mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət etmək lazımdır. Bu gün məktəblərimizdə bunun üçün hər bir şərait var. Bu məsələnin həlli həm məktəblərdə yerin olmamasından narazı qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin daha da artırılmasına kömək edə bilər".




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi