TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

 

Multikulturalizm dərsliyinin hazırlanmasına ehtiyac yoxdur
 
"Bu gün tədris planı o qədər fənlərlə yüklənib ki, kimin beyninə hansı fikir gəlirsə, gəlib onu məktəbdə tədris elətdirir”
 
"Azərbaycan multikultralizmi” adlı dərsliyin buraxılması nəzərdə tutulub. Bu barədə multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev məlumat verib.
 
Professor həmçinin dərslikdə Azərbaycan multikulturalizminin ən müxtəlif istiqamətlərdən işıqlandırılmasının nəzərdə tutulduğunu deyib: "Bu fənni tədris edən bir çox xarici ölkə müəllimləri, məsələn, almaniyalı professorlar fənnin tədrisi zamanı Azərbaycan multikulturalizmini alman multikulturalizmi ilə müqayisə edirlər”.
 
Məsələ ilə bağlı fikirlərini bildirən ekspertlər isə dərsliyin tətbiq edilməsinin əleyhinə olduqlarını söyləyiblər. Multikulturalizm haqqında danışmağın ölkəmiz üçün tez olduğunu deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu cəmiyyətimizin hələ ki multikultural səviyyəyə çatmadığını bildirib.
 

 

Ekspertin sözlərinə görə, bu gün tədris planı o qədər fənlərlə yüklənib ki, kimin beyninə hansı fikir gəlirsə, gəlib onu məktəbdə tədris elətdirir: 
 
"Belə bir dərsliyin buraxılmasının qətiyyən əleyhinəyəm. Güman edirəm ki, fənnin tədris olunmasına Təhsil Nazirliyi razılıq verməz”.
 
Təhsil eksperti Nadir İsrafilov isə bu gün respublikamızın multikultural sahədə dünyaya nümunə ola biləcəyini söyləsə də, tədris planımızın həddindən artıq yüklü olduğunu vurğulayıb. Ekspertin sözlərinə görə, 10-15 ildən artıqdır ki, din məsələsi də multikultural dəyərlərin bir sahəsi kimi göstərilir və bunun ayrıca fənn olaraq tədrisə daxil edilməsi gündəmə gəlib. Lakin bu addım müxtəlif mövqelər tərəfindən birmənalı qarşılanmayıb: 
 

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

 

"Dəfələrlə məsələ gündəmə gəlib və gündəmdən çıxarılıb. Məsələni əsaslandıranlar da oldu, əleyhinə gedənlər də. Bildiyimiz kimi, din də bizim mənəvi dəyərlərin əsas tərkib hissələrindən biridir. Lakin buna da baxış birmənalı olmayıb. Birmənalı olmaması isə tədris planında müəyyən materialların olduğu ilə əsaslandırılıb. Ona görə də, biz istiqamət götürmüşük ki, tədris planlarında şagirdlərin dərs yükünü nisbətən azaltmaq məqsədi ilə 12 illik təhsilə keçək”.
 
Dərsliyin sırf multikultural adı altında buraxılmasının əleyhinə olduğunu deyən ekspert ölkəmizdə həyati bilgilərə əsaslanan fənnin olduğunu söyləyib. Bu fəndə ayrı-ayrı məsələlər ümumi şəkildə öz əksini tapsa da, Təhsil Nazirliyi fənni tədris planından çıxarıb: 
 
"Belə çıxır ki, "Azərbaycan multikulturalizmi” adı altında dərslik "Həyat bilgisi” fənninin yerinə salınır. Əlbəttə ki, mənəvi dəyərlərimizi özündə əks etdirən fənn lazımdır. Çünki xarici ölkələrin təcrübəsində "Etiket” deyilən bir fənn var. Bu fəndə davranış qaydaları, bütün mənəvi dəyərlər, adət-ənənələr haqqında konkret nümunələr göstərilir. İnsanın özünü məişətdə, həyatda, ailədə necə aparmalı olduğu yazılır və insanı bir növ həyata hazırlayır. Dərsliklərimizə multikulturalizmi, dini ayrıca salmağa ehtiyac yoxdu, onsuz da ayrı-ayrı fənləri tədris edirik.
 
Sovet dönəmində də böyük əhəmiyyəti olan "İctimaiyyət” adlı fənn var idi. Burda həm iqtisadiyyat, həm siyasət, həm də cəmiyyətin məsələləri öz əksini tapırdı. Şübhəsiz ki, "Azərbaycan multikulturalizmi” kitabı əlavə dərs vəsaiti kimi istifadə oluna bilər. Amma bu, milli-mənəvi dəyərlərimizi, davranış qaydalarını əhatə edən konkret bir fənn kimi olmalıdır”.
 
N.İsrafilov həmçinin məsələnin geniş müzakirə tələb etdiyini bildirib. Ekspertin qənaətincə, müzakirə təşkil olunmalı, fikirlər əsaslandırılmalı, mütəxəssislərin, ekspertlərin məsələyə yanaşması öyrənilməlidir. 
Əgər belə bir dərslik nəzərdə tutularsa, bu ancaq 12 illik təhsilə keçid dövründə müəyyən tədris planlarında ola bilər.
 
sherg.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil