Millət vəkillərindən, təhsil ekspertlərindən məsələyə fərqli münasibət
Öncəki yazımızda qeyd etdiyimiz kimi Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevlə həmkarları Asim Mollazadə və İsa Həbibbəyli arasında mübahisə yaranıb. Mübahisəyə səbəb xarici sərmayədarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün təsisçilik hüququnun verilməsi olub.
Ş.Hacıyev bildirib ki, qanun layihəsi ilə bundan əvvəl qəbul olunmuş "Təhsil haqqında” qanun arasında ziddiyyətlər var: "Ziddiyyətlər bir neçə hissədən ibarətdir. Məsələn, xarici sərmayədarlara ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun verilməsini bu layihədə qeyd etmək lazımdır”.
Ş. Hacıyev tədrislə təsisçiliyin fərqli olduğunu bildirib: "Biz onlara təsisçilik hüququ verməliyik. Necə ki, "Təhsil haqqında” qanunda bu, var. Təhsilin inkişafını istəyiriksə, niyə şərait yaratmırıq”.
Deputat Asim Mollazadə Ş.Hacıyev irad tutaraq bildirib ki, belə olan halda, həmin sərmayədarlar ölkədə öz prinsiplərini yayacaqlar. Ş. Hacıyev isə "onlar məscid tikmirlər ki, vəhhabiliyi yaysınlar, bu, məktəbəqədər təhsil müəssisəsidir” – deyə, cavab verib.
Sonda İ. Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərmayədarlar dövlət üçün əhəmiyyətli deyil: "Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm ki, həm təhlükəsizlik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik”.
"Xaricilərin təhsildə idarəetmə ilə məşğul olmalarını qəbul etmirəm”
Millət vəkillərinin fərqli düşündüyü bu mövzu ilə bağlı təhsil ekspertlərinin də münasibətini öyrəndik. Ekspert Əjdər Ağayev deyir ki, xarici sərmayədarlara yalnız ölkəmizdə təhsil müəssisələrinin binasının tikintisini həvalə etmək olar: "Mənə elə gəlir ki, burada söhbət tədris və təhsildən deyil, yalnız binanın inşasından gedir. Ona görə düşünürəm ki, yerli sərmayədarlar kimi, xaricilər də məktəbəqədər təhsil müəssisələrinin tikintisinə investisiya qoya bilərlər. Bu iş mümkündür. Amma bir şərtlə, yalnız binanın tikintisi onlara həvalə edilsin. İstər məktəbəqədər təhsil müəssisəsi olsun, istər də ümumtəhsil və yaxud ali məktəb, fərq etməz. Əgər bu kimi binaların tikintisinin qaydalarını bilirlərsə, tikinti aparmalarında pis heç nə yoxdur. Xaricilərin təhsildə idarəetmə ilə məşğul olmalarını qəbul etmirəm. Azərbaycan vətəndaşının yaratdığı hər hansı təhsil müəssisəsi və yaxud qurum ölkə üçündür. Səfirliklər öz uşaqları üçün məktəb yaradırlar, yaxud işlə bağlı burada yaşayan xarici vətəndaşların uşaqlarının oxuduğu məktəblər başqa məsələdir. Amma Azərbaycan respublikası üçün tədris və təhsilin idarəetməsi ilə bağlı nə varsa, hamısı öz vətəndaşlarımızda olmalıdır. Təsisçi Azərbaycandan olmalıdır. Xaricinin burada təsisçi olmasının ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur”.
Burada hər hansı təhlükə axtarsaq...
Ekspert Nadir İsrafilov bildirdi ki, bütün sahələrdə olduğu kimi təhsildə də xaricilərin sərmayə qoyması normal haldır: "Bu məsələ elədir ki, Milli Məclisdə də birmənalı qarşılanmayıb. İqtisadiyyatımızın bütün sahələrində bu sərmayə məsələsi var. Niyə təhsil məsələsində olmasın? Millət vəkilinin də qeyd etdiyi kimi onlar məscid tikmirlər ki, vəhhabiliyi yaysınlar. Sərmayəçilik bütün sahələrdə mövcuddursa, təhsildə də tətbiq etmək olar. Eyni zamanda, biz müəyyən ölkələrdə təhsil müəssisələri açırıq”.
N.İsrafilovun sözlərinə görə, xaricilər təsisçi olsa da, ölkədə ona nəzarət sistemi olacaq: "Şübhəsiz, belə bir iş görülsə, müqavilə olacaq. Hansı formada, hansı şərtlərlə olması ilə bağlı aidiyyəti qurumla razılaşma olacaq. Bizim ideologiyamıza, mənəviyyatımıza, mentalitetimizə təsiri kimi və s. məsələlərin hamısı müqavilə şərtlərində nəzərə alınmalıdır. Burada hər hansı təhlükə axtarsaq, gərək beynəlxalq təhsil sisteminə inteqrasiya etməyək. Çünki biz beynəlxalq təhsil sisteminə inteqrasiya edirik. İnteqrasiya isə təkcə tələbə yerdəyişmələri ilə olmur. İnteqrasiya bütün sahələri əhatə edir, o cümlədən də ayrı-ayrı müəssisələrin tikilməsini. Konkret desək, burada təhlükəli nəsə görmürəm. Çünki ölkəmizdə nəzarət sistemi var. Məsələnin buna görə dayandırılmasına razı deyiləm”.
Ekspert bildirdi ki, bu, ölkədə məktəbəqədər təhsilin tərəqqisinə, inkişafına xidmət edən bir addım ola bilər. Onun sözlərinə görə, dünya praktikasında belə təcrübələr var. Ayrı-ayrı ölkələr digər ölkələrdə nələrsə tikirlər, yaradırlar.
N.İsrafilov onu da qeyd etdi ki, Azərbaycan respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında məktəbəqədər təhsilin əhatə səviyyəsinin 90 faizə çatdırılması hədəf olaraq götürülüb. Bu işi daha tez görmək üçün xarici sərmayədarların cəlb olunması böyük rol oynaya bilər: "90-cı illərdə 300-ə qədər məktəbəqədər təhsil müəssisəsi hərraca çıxarıldı. Onların əksəriyyətinin yerində şadlıq sarayları, göydələnlər, məişət salonları tikildi. Bu da məktəbəqədər sahədə böyük qıtlıq yaratdı. Statistikaya görə, bizdə məktəbəqədər təhsillə əhatə xeyli aşağıdır. Hansı ki təhsilə dair Dövlət Strategiyasında bu 90 faizə qaldırılması məsələsi qoyulub. İndi bunu 90 faizə qaldırmaq üçün təkcə Bakı şəhərində nə qədər baxça tikilməlidir. Bu çatışmazlıq açıq-aydın özünü biruzə verir.
Məktəbəqədər təhsillə əhatə olunma insanların iş şəraitinə də təsir göstərir. Uşağın baxça ilə əhatəliliyi aşağı olduğu üçün çox qadınların işləməyinə mane olur. Bizdə hardasa 24-25 faiz baxça ilə əhatələnmə var. Regionlarda isə bu, daha aşağıdır. Qarşıya qoyulan tələbi qısa zamanda necə həyata keçirə bilərik? Məktəbəqədər təhsili icbari edirik. Bu isə məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. İnanmıram ki, yaxın gələcəkdə bu qədər baxçanın tikintisinə nail olaq. Bu baxımdan xarici sərmayədarların burada müəyyən baxçalar tikməsinə hətta şərait yaratmaq lazımdır. Tikilənləri götürüb aparmayacaqlar, bizə qalacaq. Nəzarət isə dövlət səviyyəsində olacaq”.
kaspi.az