Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan mərhələsi keçirilib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər.
Türkan Nəsirova ADPU İbtidai təhsil fakültəsini 2016-cı ildə bitirib. O, MİQ üzrə müsabiqədə 54 bal toplayıb.
Müsahibimiz müsabiqədə ilk dəfə iştirak etmir. O, 2017-ci ildə MİQ-də 54 bal toplayıb və Zəngilan rayon 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət başlayıb. Hazırda da həmin məktəbdə çalışır:
"MİQ üzrə müsabiqədə ikinci dəfə iştirak etməkdə məqsədim balımı yüksəltmək və başqa məktəbdə fəaliyyətə başlamaq idi.
İmtahana getməzdən əvvəl bir az qorxurdum. Buna səbəb sosial şəbəkələrdə namizədlərin kompüterlərin donması ilə bağlı fikirlər yazması idi. Məndə belə bir problem yaşanmadı. Buna görə çox sevindim”.
O, qeyd edib ki, verilən test nümunələri çox rahat idi və yalnız 6 sualı səhv cavablandırıb:
"Düşünürəm ki, özümü inkişaf etdirməli və bu səhvlərimi aradan qaldırmalıyam. Ümid edirəm ki, daha yüksək nəticə əldə edərəm.
Müəllim fəaliyyətimdən narazı deyiləm. Şagirdlərim də istədiyim nəticəni göstərir. Amma bu o demək deyil ki, özümü inkişaf etdirməməliyəm”.
Elgün Şahbazov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini 2014-cü ildə bitirib. O, MİQ üzrə müsabiqədə 57 bal toplayıb:
Hazırda Cəlilabad rayon Ləzran kənd tam orta məktəbində ibtidai sinif müəllimi çalışır:
"İkinci dəfədir ki, MİQ-də iştirak edirəm. İlk dəfə 2017-ci ildə iştirak etmişəm və 47 bal toplamışam. İmtahan nəticəmə uyğun olaraq, Cəlilabad rayon Ləzəran kənd tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışam.
İki dəfə MİQ müsabiqəsində iştirak etməkdə əsas məqsədim yerdəyişmə ilə bağlı idi. Çünki indi çalışdığım məktəb yaşadığım yerdən 45 kilometr məsafədə yerləşir. Bu da gedib-gəlməkdə problemlər yaradır. Ona görə də imtahana yenidən hazırlaşmaq qərarına gəldim. Nəticəm də ürəkaçan oldu”.
O, qeyd edib ki, suallar qənaətbəxş idi, amma çox asan deyildi:
"Sadəcə, diqqət tələb edən suallar idi. Kiçik bir yanlışlıq səhv etməyə gətirib çıxarırdı. 3 sualda yanlışlığa yol verdim.
Vakant yerlər çıxdıqdan sonra məktəb seçimi etməyi düşünürəm.
Hər bir müəllim kimi mən də cəmiyyətimizə xeyirli, savadlı gənclər yetişdirməyi planlaşdırıram. Çünki şagirdlərin bünövrəsi ibtidai sinifdən başlayır. İbtidai sinifdə potensialı güclü olan şagird yuxarı siniflərdə uğurlu nəticələr əldə edə bilər.
Öz işini sevən insan üçün onun kişi və qadın olmasının heç bir fərqi yoxdu. Əsas olan odur ki, insan peşəsini sevsin və ona hörmətlə yanaşsın. Burada qadın və kişi olmağın heç bir fərqi yoxdu”.
Qeyd edək ki, iyulun 8-dən etibarən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.
Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.