Müraciət edən vətəndaşları səbrlə və doğru istiqamətdə yönləndirsinlər.
I sinfə şagird qəbulu davam edir. Qeydiyyat elektron sistem vasitəsilə aparılsa da, bəzən ayrı-ayrı direktorlar valideynlərə məktəbdə yer olmadığını bildirir, onlara bu məktəbə müraciət etməməyi məsləhət görürlər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva "Həftənin sualı” verilişində izləyicilərin suallarını cavablayarkən bu məsələyə də aydınlıq gətirib. O, öncə bütün məktəb direktorlarına təşəkkür edib:
"Bu qədər vətəndaşın müraciəti, onların hər birinin cavablandırılması heç də asan iş deyil. Xahiş edirəm ki, müraciət edən vətəndaşları səbrlə və doğru istiqamətdə yönləndirsinlər.
Amma məktəbdə yerin olub olmaması barədə məlumatı direktorlar özləri də yalnız sistemə sıravi vətəndaş kimi daxil olduqdan sonra görə bilərlər. Bu gün onlar öz məktəblərində yerin olub-olmaması, hansı müəllimdə nə qədər yer qalmasını bilmirlər. Buna görə də yerlə bağlı məktəbə müraciət etməyə ehtiyac yoxdur. Ən yaxşısı mektebeqebul.edu.az saytına daxil olub qeydiyyatdan keçməkdir.
Elə elektron qeydiyyatın əsas məqsədlərindən biri də odur ki, vətəndaş heç bir kənar təmas olmadan bu işi icra edə bilsin.