Dissertasiyaların müdafiə prosesini xeyli asanlaşdıracaq TƏKLİF...
Dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.
Bunu Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində keçirilən Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında deyib.
O bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür.
Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən Fərəh Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib. Bildirib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.
O, dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün müəyyən olunan meyarlar haqqında da danışıb. F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. Həmçinin AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.