Dünəndən başlayaraq orta ümumtəhsil məktəblərinin birinci sinfinə elektron qəbul başlanıldı. Ancaq qəbul başlar başlamaz valideynlərin şikayətləri də başladı. Əvvəlcə elektron qəbul üçün nəzərdə tutulmuş elektron portal işləmədi. Bakı Şəhər Təhsil İdarəsi problemin səbəbi kimi saytın göstəriləndən artıq yükləndiyini əsas gətirdi. Axşama doğru aradan qalxan bu problemdən sonra isə valideynlərdən başqa səpgili şikayətlər gəldi. Belə ki, bir çox valideynlər övladlarının məktəbəhazırlıq qrupunda dərs deyən müəllimin sinfinə yox, başqa müəllimin sinfinə düşdüyünə etiraz bildirdilər.
Modertor.az -ın redaksiyasına da bu barədə şikayət daxil olub. Şikayətçi övladının hazırlıq qrupunda olan müəllimə yox, başqa müəllimə düşdüyünə etiraz edir. Və edir ki, bunun hansı səbəbdən baş verdiyini araşdıraq.
Əvvəlcə şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
"Övladım builki təhsil ilindən başlayaraq Hövsan qəsəbəsində yerləşən 281 saylı orta ümumtəhsil məktəbinin məktəbəhazırlıq qrupuna gedib. Hazırlıq müəllimi də Şəmsiyyət müəllim olub. Hazırlıq müddətində müəllim hər zaman övladımın həm biliyindən, həm əxlaqından razılıq edib. Keçilən proqramı zamanında və tam mənimsədiyini, sorğularda fəal iştirak etdiyini, verilən tapşırıqları qavrayaraq və düzgün yerinə yetirdiyini qeyd edib. Və biz də müəllimin dərs metodundan, şagirdlər rəftarından məmnun qalmışıq. Qərara gəlmişik ki, elə övladımız birinci sinfdən başlayaraq elə Şəmsiyyət müəllimin sinfində təhsil alsın. Müəllim özü də bunu arzu etdiyini qeyd edib.
Bildiyimiz qədər mövcud qaydaya görə də belədir ki, uşaq hazırlıq qrupunda hansı müəllimin sinfindədirsə, elə o müəllimin də sinfinə düşəcək. Ancaq dünən anladıq ki, bu cəmiyyətdə nə qaydalar işləyir, nə də qanunlar. Belə ki, övladımızın məktəbə qeydiyyat işləri üçün hazırlığa getdiyi 281 saylı məktəbə getdik. Bir müddət sistemin işləmədiyini bildirdilər. Daha sonra bəlli oldu ki, övladımın kodu itib və yenidən kod açılmalıdır. Bu problem aradan qalxandan sonra isə başqa problem çıxdı, direktorun katibəsi bildirdi ki, bu il birinci sinf qəbul edəcək müəllimlərdən 9-nun adı sistemdə çıxıb, Şəmsiyyət müəllimin adı isə o siyahıda yoxdur. Və Şəmsiyyət müəllimin sinfində olan uşaqlar isə avtomatik olaraq Təranə müəllimin sinfinə qeydiyyata alınıb. Qeyd olundu ki, problem qısa zamanda aradan qalxacaq və Şəmsiyyət müəllimin uşaqları öz yerinə qaytarılacaq.
Ancaq bu gün bəlli oldu ki, 281 saylı məktəbdə növbəti oyun qurulubmuş. Sən demə,Şəmsiyyət müəllimdə "sağlam təhsil sinfi” (bunu biz zatən əvvəldən bilirdik) olduğu üçün onun sinfinə başqa uşaqlar verilib, bizimki Təranə müəllimdə qalıb. Bunun hansı əsasla, hansı üsulla, hansı qaydalara uyğun aparıldığını, o sinfə hansı uşaqların yığıldığını isə açıqlamırlar. Bircə onu bilirik ki, Şəmsiyyət müəllimin qrupunda hazırlıq keçən uşaqlardan ancaq 2-3-ü (müəllimin öz dediyinə görə) onun sinfinə düşüb. Açıq-aşkar oyun getdiyini bildiyimiz halda, məktəb bu işdə öz boynundan atır. Bildirir ki, bunu onlar yox, Təhsil İdarəsi edib.
Biz kimin günahkar olduğunu bilmirik, ehtimal etdiyimiz odur ki, 281 saylı məktəbin direktoru Gülşən müəllimin növbəti oyununun qurbanı olmuşuq. Zatən onun şagird qəbulunu hansı "şərtlərlə”, hansı məbləğə həyata keçirdiyini direktor işlədiyi müddətdə bilməyən olmayıb. Ancaq biz ümid edirdik ki, qəbulun elektronlaşdırılması neqativ halların qarşısını alacaq, rüşvətxor direktorların əl-ayağını bağlayacaq. Sən demə, növbəti dəfə yanılmışıq.
Sizdən xahiş edirik ki, bu məsələni araşdırasınız. Övladlarımızın kimin "qurbanı” olduğunu üzə çıxarıb biz də məlumatlandırasınız. Təhsil nazirimiz belə yoxdur ki, dərdimizi deyək. Hara gedəcəyimizi, kimə şikayət edəcəyimizi bilmirik. İnsanları prezidentdən narazı salan məmurların əlindən bezmişik daha, ümidimiz sizə qalıb. Əvvəlcədən təşəkkür edirik”.
Məsələni araşdırmaq üçün Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Şubay oğlu Məmmədovla əlaqə saxladıq. Qurumun sözçüsü məsələni qısa müddətdə araşdırıb tədbir görüləcəyini bildirdi. Onu da qeyd etdi ki, uşaqlar hansı müəllimdə hazırlıqda olublarsa, məhz həmin müəllimin sinfinə də qeydiyyata alınmalıdırlar. Təbii ki, valideynin öz razılığı ilə.
İndi bizə və şikayətçi valideynə ancaq Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı hansı tədbir görəcəyini və hansı cavab veriləcəyini gözləmək qalır.
Sonda onu da qeyd edək ki, şikayət məktubu anonim yazılmayıb. Sadəcə valideynin adını özünün istəyinə nəzərə alaraq qeyd etmirik.