Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama
220 nömrəli məktəb rejissor Rza Rzayevin səsləndirdiyi fikirlərə münasibət bildirib.
Məktəbdən Teleqraf.com-un sorğusuna cavabda bildirilib ki, təhsil müəssisəsinin direktoru Tural Mirzəyev yanvarın 29-da direktor müavini Zeynəb Rzayevanı dəvət edərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib:
"Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda Zeynəb Rzayeva bu qərara etiraz edib. Təxminən yarım saat sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda məktəbin işinə kobud müdaxilə edib, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.
Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib”.
Məlumatda qeyd edilib ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib: "Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq müraciət olunub.
Fevralın 1-də 220 nömrəli məktəb-liseydə Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsinin iştirakı ilə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib”.
Qeyd edək ki, rejissor Rza Rzayevin 220 saylı məktəbdə müəllimin əxlaqsızlıqla məşğul olduğunu, direktor əvəzedicisi Tural Mirzəyevin isə pul aldığı iddiası ilə yuxarı instansiyalara müraciət ünvanlayıb.