Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi
Sumqayıt şəhər 9 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Faiq Bayramov direktor şagirdləri sinifdən-sinifə keçirmək üçün valideynlərdən 50 manat pul istəyir.
Aztəhsil.com azvision.az-a istinadən açıqlamasında bildirib ki, "Biz bu faktları təzə aşkarladıq və etiraz edəndə isə məni və direktorun tərbiyə işləri üzrə müavini İlkin Əliyevi işdən çıxardı. Bizim əmrimizi heç bir Pedoqoji Şura keçirmədən, müəllimlərdən ərizə almadan oktyabrın 23-də işdən çıxardı, bu gün isə əmək kitabçamızı əlimizə verdi.
2011-ci ildə o zamankı icra başçısı Eldar Əzizov onu məktəbə direktor təyin edib. Ondan sonra məktəbdə korrupsiya halları artmağa başladı. Məsələn, jurnal pozulmayan qələmlə yazılmalıdır. Lakin direktor jurnalı yazıb-pozan qələmlə yazdırır.
Valideynlərdən pul alandan sonra şagirdin qiymətlərini düzəldir və nəticədə 9 il 3 alan şagird 4-5 qiymətləri ilə attestat alır”- deyə F.Bayramov bildirib. Məsələ ilə bağlı Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoru Bəhruz Səlimxanov Modern.az-a açıqlama verib.
O bildirib ki, Faiq Bayramovun səsləndirdiyi fikirlər heç bir həqiqəti əks etdirmir.
"Faiq Bayramov şagirdlərin valideynlərinə və müəllimlərə sataşmağına görə işdən azad edilib. Onun belə hərəkətləri ilə bağlı valideynlər və müəllimlər tərəfindən mənə bir neçə dəfə şikayətlər daxil olub.
Ötən gün Pedaqoji Şuranın iclası keçirildi və belə qərara gəlindi ki, məktəbdən çıxarılsın. Mən heç bir valideyndən pul alıb kiminsə qiymətini düzəltməmişəm. İşdən azad olunan adam bir söz tapıb danışmalıdır da yalandan”.