Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post
Cəlilabadın Alar kəndində yerləşən və Lətif Seyfullayev adlı şəxsin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi 2 nömrəli məktəblə bağlı yeni faktlar üzə çıxıb.
Aztehsil.com bakupost.az-a istinadən xəbər verir ki, məktəbə qeyri-qanuni rəhbərliyi 1 deyil, 2 nəfər edir. Kənd camaatının sözlərinə görə, onun müavini olan keçmiş direktor Həsənağa Əliyevin də bu işlə bağlı rəsmi təyinatı yoxdur.
Belə ki, Həsənağa Əliyev 2015-ci ildə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə direktor vəzifəsindən və 2 nömrəli məktəbdən uzaqlaşdırılıb. Onun yerinə müavini Lətif Seyfullayev təyin edilib. H. Əliyev də məktəbdən uzaqlaşdırılmasına baxmayaraq, müavin kimi fəaliyyət göstərməyə davam edib: "Bəzən isə hətta qeyri-qanuni direktorluq edir. Halbuki Həsənağa Əliyevin adı "direktor müavini” kimi rəsmiləşməyib. Qəribədir ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi Lətif Seyfullayevi direktor, Həsənağa Əliyevi isə direktor müavini kimi tanıyır, onları iclaslara çağırır, tapşırıqlar verir. Onların əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunsa da heç bir tədbir görülmür”.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev bu il ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.