Orfoqrafiq dəyişikliklərə dilçi alimdən sərt tənqid: "Mübahisələr doğuracaq"
"Qaydalar dəyişdirilərkən, çox müxtəlif prinsiplərin əsas götürülməsi narazılıq və çaşqınlıq yaradır”.
Aztəhsil.com xəbər verir ki, bu fikirləri Orfoqrafiya Komissiyası tərəfindən bir çox sözlərin yazılışı qaydalarının dəyişdirilməsinə münasibət bildirən filoloq-alim, sabiq TQDK-nın ilk sədri Vurğun Əyyub deyib.
Onun fikrincə, orfoqrafiya qaydalarının dəyişdirilməsi daha geniştərkibli müzakirələrdən keçməlidir:
"Ümumiyyətlə, orfoqrafiya qaydaları dəyişkən bir məsələdir. O baxımdan, Dilçilik İnstitutunun bu istiqamətdəki fəaliyyətini birmənalı qaydada tənqid etmək doğru olmazdı. Amma orfoqrafiya qaydalarında dəyişikliklərin zaman nöqteyi-nəzərindən belə tez-tez baş verməsi, bu zaman çox müxtəlif prinsiplərin əsas götürülməsi narazılıqla yanaşı, çaşqınlıq yaradır.
Məncə, orfoqrafiya qaydalarının dəyişdirilməsi yalnız Milli Elmlər Akademiyasında çalışan müvafiq alimlərin iradəsi əsasında olmamalıdır. Bu məsələ filoloqların, ali və orta məktəb dil-ədəbiyyat müəllimlərinin geniş müzakirəsindən sonra öz həllini tapmalıdır”.
Alim hesab edir ki, sözlərin yazılış qaydalarının belə tez-tez dəyişdirilməsi mübahisələr doğuracaq və dərsliklərin məcburi qaydada yenidən çap olunması zərurətini doğuracaq:
"Sözsüz ki, bu dəyişikliklər çox mübahisəli vəziyyətlər yaradacaq. Orfoqrafiya qaydalarında dəyişikliklər edilirsə, bunlar dərsliklərdə və ədəbiyyatda da mütləq nəzərə alınmalıdır. Bu isə külli miqdarda əlavə vəsait deməkdir. Ona görə də belə qərarların qəbulu zamanı sadəcə, bir institutun bir şöbəsinin iradəsi əsas götürülməməlidir.
Bu işləri həmçinin Təhsil Nazirliyi ilə razılaşdırmaq lazımdır. Əgər Təhsil Nazirliyinin xətti ilə dərsliklər üç və ya beş ildən bir yenilənirsə, orfoqrafiq qaydaların dəyişdirilməsini də bu müddətlə uzlaşdırmaq lazımdır ki, o işlərə daha çox vəsait sərf edilməsin”.