“Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq” -Dilçi professorun həyəcan təbili
Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğətinin yeni variantı hazırlanıb.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.
Lakin sosial şəbəkələrdə, mediada gedən müzakirələr lüğətdəki son dəyişikiklərin bir o qədər də uğurlu olmadığını göstərir. Bu səbəbdən,xeyli sayda ziyalı, söz adamları dəyişikliklərlə bağlı narazılıqlarını və təkliflərini irəli sürüblər.
Aztəhsil.com moderator.az-a istinadən xəbər verir ki, adıçəkilən institutun şöbə müdiri, professor İdris Abbasov ziyalılara müraciət edərək, bu məsələyə biganə qalmamalarını xahiş edib:
"Dəyərli ziyalılar, əziz azərbaycanlılar və ana dilimizin qayğısına qalanlar! Yazı qaydalarımızın dəyişdirilməsinə biganə qalmayaq! Siz istənilən peşəkar psixoloqa müraciət etsəniz, orfoqrafiyadakı dəyişikliklərin insan beynində nə kimi mənəvi-psixoloji travmalara səbəb olduğunu bilərsiniz. Çətin də olsa, özünüzü toparlayın, fikirlərinizi qeyd edin ki, mənən rahat olasınız!
Düzdür, hamınızın daha vacib işləri vardır. Bilirəm ki, bu söhbətlər ortalığa gələndə əsəbləriniz tarıma çəkilir. Siz tələb edə bilərsiniz ki, taleyüklü dilçilik problemlərinin yığılıb qaldığı, yazılmış və yazılmaqda olan, dövlətə və millətə 1 qəpiklik xeyri olmayan tamamilə mənasız, səhv və yanlış dissertasiyaların, kitab və monoqrafiyaların ört-basdır edildiyi, yaxud tərifinin göylərə qaldırıldığı halda nə istəyirsiniz bu orfoqrafiyadan? İctimaiyyəti təşvişə salmağın nə mənası? Dilimizin və xalqımızın tarixini özündə əks etdirən xarici dilllərdə yazılmış və araşdırılmasına ciddi ehtiyac duyulan yüzlərlə fundamental əsərlər qalıb tarixin arxivində və heç kəs özünü işə vermək istəmir. İctimaiyyətin başını belə mənasız və çaşdırıcı işlərlə xarab etməklə heç bir uğur qazanmaq olmaz. Məgər indiyədək "metafora", yaxud "əsgər" yazılıbsa, idrakımız tərs fırlanıb?
Ulu öndər Heydər Əliyev deyirdi: "İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, YÜKSƏK SƏVİYYƏLİ YAZI NORMALARI VARDIR".
Dahiyanə deyilmiş bu fikir həmişə aktuallığını qoruyub saxlayacaqdır. Təsəvvür edin, 2004-cü ildə "metafora", 2013-cü ildə dəyişib "metafor", 2018-ci ildə isə yenidən "metafora" yazırlar (Bu nümunə aysberqin yalnız görünən tərəfidir). Belə təfəkkür sahibləri dövlətdən çox şey alıblar, bu rüsvayçı işlərinin müqabilində hələ yenə də ummaqdadırlar.
PS. Dilimizlə, tariximizlə bağlı arxivlərdə yatmış mötəbər mənbələri ermənilərmi araşdıracaq? Kəsalət, tənbəllik, tüfeylilik, elmsiz cızma-qaraların gurultulu tərifi, doğrudanmı, alnımıza yazılıb? Bu halımızla belə asanlıqla barışırıqmı?"