İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”
Ötən gecə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Coğrafiya fakultəsinin 4-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirov intihar edib.
Onun meyiti Bulvar ərazisində tapılaraq sudan çıxarılıb. Məlik Cahangirovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
İntihardan bir gün əvvəl tələbə sosial şəbəkədə son şeirini və fotoşəklini paylaşıb.
Məlik Cahangirovu 4 ildir tanıyan, universitet yoldaşı Günay Vəliyeva bildirib ki, onun intihar edəcəyini gözləmirdilər:
"Məliklə eyni universitetdə oxuyurduq. Onu eyni universitetdə oxuduğumuza görə yox, intellektual oyunlarda 4 ildə rəqabət apardığımıza və eyni komandada oynadığımıza görə yaxından tanımışam. Məlik yaxın dost, əziz insan idi. Əslində keçən il universiteti bitirməli idi. Sadəcə kəsri var idi və indi kəsrini ödəyirdi.
Əgər Məlikin intihar edəcəyini hiss etsəydik, çoxdan bunun qarşısını alardıq. Çünki ətrafında ona hörmət edən insanlar çox idi. Sadəcə Məlik son 7-8 aydır, sosial şəbəkədə pessimist paylaşımlar edirdi. Zənn edirdik ki, sonuncu paylaşımı da adi bir paylaşımdı. Son yazdığı statusa rəy yazmadığıma görə hələ də peşmanam”.
Müsahibimiz qeyd edib ki, Məlik Cahangirovun arzusu var idi:
"Heç kəs ondan bu addımı gözləmirdi. Onun arzuları var idi, kitabını çıxaracaqdı. Məlik həvəskar şair idi. Bəzi kitablarda həvəskar şair kimi şeirləri yayımlanıb. İntellektual Oyunları çox sevirdik. Bu oyunlar onun həyat tərzi idi. Hər həftənin şənbə - bazar günləri yarışlarda olurduq. Onu tanıyan hər kəs bu cahanı Məlik Cahansız təsəvvür edə bilməzdi”.
Günay Vəliyevanın sözlərinə görə, Məlik Cahangirov son aylar özünə qapanmışdı:
"Məlik dostlarına qarşı çox diqqətcil biri, təmiz qəlbli insan idi. Mühitə görə dəyişirdi. Sadəcə son 7-8 ay idi, səbəbini bilməsəmdə, özünə qapanmışdı. Özü dəfələrlə depressiyada olduğunu bildirirdi. İndi onu tanıyan hər kəs Məlikin intiharına görə şokdadır”.