Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü
Prezident İlham Əliyevin Ağcabədiyə səfərindən öncə büdcə təşkilatlarının işçiləri küçələrə səfərbər olunub.
Məlumata görə, Cavid Hacıbəyli Feysbukda məlumat paylaşıb.
Onun sözlərinə görə, prezidentin səfərinə görə, bir neçə gün təhsil, mədəniyyət, idarə və təşkilat işçiləri yollarda olub.
C.Hacıbəylinin paylaşdığı şəkildə qeyd edilib ki, müəllimlərə yol və səkini süpürtdürürlər.
Bütün məktəb müəllimləri bir əlində lapatka, bir əlində süpürgə küçələri təmizləyirlər. Onları bu işə məcbur edən isə Ağcabədi icra başçısı Şahin Məmmədov olub.
İcra başçısının göstərişi ilə idarə və təşkilatların işçiləri küçə işlərində istismar edilib. Sanki rayonda Mənzil İstismar İdarəsi və bələdiyyə işçiləri yoxdur.
Ş.Məmmədov isə müəllimləri onlara aid olmayan işə - küçə süpürməyə cəlb etməklə həm onları təhqir etmiş olub, həm narazı salıb, həm də prezidentin müəllimlərə verdiyi qiyməti yerlə bir edib.
Prezidentin səfəri öncəsi rayonun sahmana salınması, abadlaşdırılması yaxşı addım sayıla bilər. Ancaq bu işləri müəllimlərə gördürmək icra başçısına başucalığı gətirmir.
Təhsil, mədəniyyət işçilərini küçələrə tökmək, işlətmək nə Prezident Administrasiyasının tapşırığıdır, nə yuxarıların arzusudur. Sadəcə, Ş.Məmmədovun göstərişi ilə idarə müdirləri işçilərini yollara töküblər.
Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxorlu, Arasbar, Qiyamadmlı, Mirzaxverdili, Kürdlər, Kəhirli və Şərəfxanlı kəndlərinə 2014-cü ildə yolların əsaslı təmirinə 5 milyon manat pul ayrılmışdı.
Həmin kəndlərə yol çəkilib və 2014-cü ildə yollar istifadəyə verilib, lakin Qarqar çayının üstündən körpü salınmamış, bildiriblər ki, verilən pullar qurtardı. Həmin pullar Şahin Məmmədov tərəfindən mənimsənilib.
Ağcabədidə aqrar sektorun inkişafı üçün işlər həyata keçirilməyib.
İcra hakimiyyəti başçısı ölkə rəhbərliyinə aqrar sektorla bağlı hər hansı layihə təqdim etməyib. Rayonda 16 yeni məktəb binasının tikintisi hələ də növbəsini gözləyir.
Səhiyyə ocaqlarının inşası, 4 məktəbin əsaslı təmiri və uşaq bağçalarında yenidən qurulmasına və əsaslı təmir işlərinin aparılmasına ehtiyac var.
Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltanması vacibdir. Rayonun mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi lazımdır.
Yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsi zəruridir.
Bunu RİH-nin rəsmi saytında da qeyd ediblər. Yəni, rəsmi olaraq bu problemlərin mövcudluğu etiraf olunub.
Prezident sonuncu dəfə Ağcabədiyə 2008-ci ildə səfər etmişdi. 9 il sonra gedişində isə məlum olur ki, Ş.Məmmədov rayon üçün heç bir iş görməyib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub.
Başçı deyib ki, ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etmədiyini söyləyib. Belə görünür ki, indi artıq pulu veriblər.
Bu sözləri rayonun Avşar kənd sakini Elqayıt Kərimov bildirmişdi. Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış-otlaq sahəsinin təyinatını dəyişdirərək camaatdan alıb və hansısa şirkətə satıb.
Başçı belə hesab edir ki, o, bütün Ağcabədini sata bilər. Rayonun Kəbirli kəndindən də 2800 hektar torpağı satıb. Şahin Məmmədov prezidentin abadlıq üçün ayırdığı pulları mənimsəyib.
O, abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək prezidentin rayona ayırdığı milyonları mənimsəyib.
2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin fondundan tender yolu ilə külli miqdarda vəsait mənimsənilib və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib edilib.