Sabirin hüzn yaradan məktubu - ''...başladı şişməyə imdi üzü qarə ciyərim''
Mirzə Ələkbər Sabir haqqında indiyə kimi bir neçə məktub yayınlanıb...
Şairin yazdığı hər məktubu adamda dərin hüzn və kədər yaradır. Çünki ustad şair məktublarında can ağrılarından çox ona edilən basqılardan və mənəvi ağrılardan əziyyət çəkdiyini xüsusi qeyd edib.
Bu məktubda isə 1911-ci il fevralın 6-da Qurbanəli Şərifzadəyə məktub yazaraq Tiflisə yeni gəldiyini və burada yenicə müalicəyə başladığını yazır:
"Ruhum, canım, Sərifzadə!
Bu gün bir həftədir Tiflisdəyəm. Şamaxı əhlindən bir namünasib yoldasım dəxi var idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmisdi. İşini bitiririk. Şimdi üç gündür ki, özü də getdi.
Faiq əfəndi məni artıq düsdüyüm mənzildə qoymayıb evə, yəni Mirzə Cəlil bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən və məxdumunuz Əbdüləzizdən ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər xəstəyəm. Üç ay Bakıda doktorlar qapısında, iki ay da Şamaxıda moqtorlar qapısında təzəyii-həyat etdim. Dərdimə əlac bulamadım. Axır laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala biləcəkmiyəm?!
Doktor Rudnikovdan dava yeyirəm. Xəstiliyim qara ciyirimin böyüməsindin nəsət etmiş.
Şamaxıda ikən Mirzə Cəlildən məktub almısdım. Yazmısdı ki, fevralın on beşinə qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qədər gəlməyiblər.
Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflis soyuqdur, peçin qırağından ayrılmayıram. Siz də kürsüdən çıxa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun.
Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və zimnən ixtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzrə yaşamanızı niyaz edərək xətmikəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə məlum olar zənn ediyorum.
Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız rica ediyorum.
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəxti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməyə imdi üzü qarə ciyərim.
Təqdim etdi: Rəşad Sahil