Xəbərlər / Hekayələr
17 iyul 2016
4 542
GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı
Şiddətli küləyin pəncərəni divara çırpması məni axır ki, dəhşətli yuxudan oyatdı. Əvvəl nə baş verdiyini, harda olduğumu anlamadım. Sanki hər tərəfə qara duman çökmüşdü. Yoxsa, gözlərim kor olmuşdu? Yox... Uzaqdan bir işıq tutdum. Getdikcə otaq işıqlanmağa başladı. İşığın içində uzaqdan görünən bir nəfər yavaşca buludlara çəkildi. Yaman tanış sima idi. Mən hələ də yuxudayam? Özümü döyməyə başladım. Yox bu gerçəkdi. Yoxsa yuxunun təsirindəyəm? Birdən vahimələndim. Sanki içimdəki qorxu məni boğurdu. Qışqırmağa başladım. Səsimə yan otaqdan anam özün çatdırdı.
-Qorxma, gözəl balam, külək pəncərəni açıb.
-Ana, bağla pəncərəni, qorxuram. Göydə kimlərsə uçur.
-Yəqin, pis yuxu görmüsən. Danışma. Gəl gedək suya danış. Sular yuxunu yuyub burdan aparsın.
Nə gördüyümü heç özüm də tam bilmirdim. Suya nə danışım axı? Özümü nəsə danışır kimi göstərib suyu açıq qoydum. Suyun da mənim danışa bilmədiyim yuxunu yuyub apardığını sandım.
Gecəni anamla bir yerdə yatdım. Həmişəki kimi atam yenə iş dalınca şəhərə getmişdi. Yadımda, hər dəfə atam şəhərə gedəndə anam arxasıyca su atardı. Mənasını anamdan soruşanda " bu su atanı bizə gətirəcək” deyərdi.
Anam inanclara çox inanırdı. Məni də artıq inandırmışdı. Anamla bərabər mən də atamın arxasıyca su atardım. Suyu böyük qabda atardım ki, atamı bizə daha tez gətirsin.
Həmin gün hava çox isti idi. Özümə nə evdə, nə çöldə yer tapırdım. O qədər içəri, çölə girib çıxdım ki, axırda anam mənə hirsləndi:
-A bala, bir hovur otursana. Başım getdi bu qapının cırıltısından. İmkan ver, bir az mən də yatım.
Anamı hirsləndirməmək üçün gedib evin qabağında olan daşın üstündə oturdum. Oturduğum yerdən həyətə dönən döngə aydın görünürdü. Hər adam burulanda, yəqin, atamdı deyə baxırdım. Ya qonşumuz İmran dayı, ya da onun keçəlbaş oğlu İbad olurdu.
Mən nəyi gözləyirdim? Ya kimi gözləyirdim? Səhər yuxudan durandan içimdən bir dəli ağlamaq keçirdi. Anamı qorxutmamaq üçün heç nə demirdim. Amma bilirdim, mən xəbər gözləyirdim.
Birdən küçənin o başından qışqırıq səsləri gəldi. Səksəkəli ürəyim köksümdə çırpınmağa başladı. Ayaqlarım yalın, günün istisindən qızmış asvaltda yana-yana səs gələn tərəfə qaçdım. Budur, xəbər gəlmişdi. Atam yerdə qan içində uzanmışdı. Ətrafında insanlar toplaşmışdı. Atam gülərək: ”Bax, gəldilər. Göydə uçurlar. Qanadları da var. Gör necə pərvazlanırlar”-deyib üzündə gülüşünü dondurdu. O gülüş ki, heç zaman xəyalımdan çıxmayacaq.
Bu nə idi belə? Yuxumda göylərə ucalan işiq? O işıq atammıydı, ya onu aparan mələklər?
Beynimdə bir sual var idi. Görəsən, indi anam da yuxusunda mən gördüklərimi görür? Yoxsa atamla xoşbəxt anlarını yaşayırdı?
Qışqırıq səsləri mənə sanki deyirdi: ” Sən artıq böyü!”.
Mən həmin an həm ata, həm oğul, həm ər oldum.
Ağlayırdım. Yuxusundaca atama qovuşan, itirdiyim anama ağlayırdım.
Şəhriyyə Qəzənfərqızı