“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”
Azərbaycanın böyük bəstəkarı, publisist və ictimai xadimi Üzeyir bəy Hacıbəyli qürbətdə diplomatik səfərdə olan qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubunda çox vacib bir məqama toxunur. O zaman hələ Azərbaycan Cümhuriyyəti süquta uğramamışdı. Amma erməni fitnəkarlığı yenə də öz sözünü deyirdi. Özü də onlar təkcə torpaq yox, həm də mədəni-mənəvi sərvətlərə də hələ o vaxtdan iddia edirdilər. Onların oğurlamaq istədiyi növbəti Azərbaycan xəzinəsi isə Üzeyir bəyin "Arşın mal alan” operettası olub. Maraqlıdır ki, o zamankı hökumət rəhbəri Nəsib bəy Yusifbəyli ermənilərin bu hərəkətini Zəngəzur iddiasından baha betər adlandırıb.
Aztəhsil.com Moderator.az-a istinadən həcmcə qısa olsa da, mahiyyətcə böyük mətləblərdən xəbər verən həmin məktubu təqdim edir:
"Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan ( yazıçı Yusif Vəzir Çəmənzəminlini nəzərdə tutur-E.N.) bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renessans” qəzetəsi iddia edir ki, "Arşın mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq, bütün Yevropada, həmən Amerikada böylə intişarına səy göstərsin. Hərgah, mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz olaraq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə (ADR-in baş naziri Nəsib bəy Yusifbəyli) də söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.