Süni intellekt və avtomatlaşdırma artıq bu günün reallığıdır
"Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır".
AzTehsil.com xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “PeşəFest”in yekun tədbirində deyib.
O bildirib ki, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:
"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Müasir çağırışları gənclər nəzərə alaraq özlərinə sual verməlidir".
DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları bu günümüzün tələbidir: "Bu artıq əmək bazarının reallığıdır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yol açacaq".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, peşə təhsilinə qəbul olunanların sayı 17% artıb.
O bildirib ki, əmək bazarında peşə və səriştələrə olan tələbat təxminən 30 faiz dəyişib.
“Bu səbəbdən real əmək bazarı platformaları yaradılmalı, işəgötürənlər öz sifarişlərini verməlidirlər. Peşə təhsili artıq dövlət–özəl tərəfdaşlığı formatında inkişaf etdirilir”,- V.Qasımlı bildirib.