Müəllimdən formativ qiymətləndirmə jurnalını tələb edilə bilməz
-Müəllimlərin qiymətləndirmə qaydalarına edilən dəyişikləri müəyyən qədər mənimsəmələrinə baxmayaraq, hələ də bəzi qaranlıq məqamlar qalmaqdadır.Hazırda onları ən çox maraqlandıran isə formativ qiymətləndirmə jurnalının mütləqliyi ilə bağlıdır:Məktəblərdəki metodbirləşmə rəhbərləri və direktorlar müəllimlərdən formativ qiymətləndirmə jurnalını tələb edirlər. Amma bu jurnalın kiçik dəftərçə xarakteri daşıması, dövlət sənədi hesab edilməməsi müəllimlərdə çaşqınlıq yaradır: Direktor və ya metodbirləşmə rəhbərinin müəllimdən formativ qiymətləndirmə jurnalını tələb etmək hüquqları var? AzTehsil.com - n məlumat verir ki, bu barədə məlumatlar Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə Təlimatda qeyd olunub. Təlimata əsasən, müəllim dərs ilinin yarımillərinin sonunda formativ qiymətləndirmə dəftərindəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır. Həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.Bundan əlavə, təlimata görə, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki, hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “y.axşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.