Heç bir dövlət qurumu büdcə pulunu gizlədə bilməyəcək
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” sistemi yaradılır.
Bu sistemlə büdcəyə gələn bütün pullar - vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq. Artıq dövlətin pulu necə yığılır, necə xərclənir – hamısı rəqəmsal nəzarətə götürüləcək.
Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.
Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq.
Yeni qaydalarla dövlət şirkətlərinin mənfəətinin bölüşdürülməsi və dividend siyasəti üzrə vahid parametrlər müəyyən ediləcək. Dövlət pullarının təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyət isə sərtləşdiriləcək.
Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək
AzTehsil.com- n əldə etdiyi məlumata görə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdır:
“Ümumiyyətlə, şəffaflığın gücləndirilməsi iqtisadi siyasətin prioritetlərindən biridir. O cümlədən büdcə vəsaitlərinin daha şəffaf xərclənməsi üçün elektron sistem qurulur. Yeni sistemin qurulması proseslərin daha da elektronlaşmasına, eyni zamanda informasiyaların toplanmasına, onların daha asan işlənməsinə şərait yaradacaq”.
Deputat vurğulayıb ki, prezident tərəfindən imzalanan son fərman dövlət maliyyəsində daha şəffaf, daha səmərəli mexanizmlərin qurulmasına, xüsusən də, informasiyalara əlçatanlığın artırılması, qurumlarda büdcə vəsaitlərinin şəffaf xərclənməsinə imkan yaradacaq:
“Büdcə vəsaitlərinin şəffaf xərclənməsi eyni zamanda büdcə vəsaitlərinin səmərəliliyi və qənaət baxımından vacibdir. Həm də bu, sosial istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasına imkan yarada bilər”.