Laçında "Yurd çağırır məni” adlı rəsm sərgisi açılıb
“Bakı Abadlıq Xidməti” MMC-nin və “Yurd” qalereyasının birgə təşkilatçılığı ilə Laçın şəhərində “Yurd çağırır məni” adlı rəsm sərgisi və “Zəfər naxışlarının sədası” adlı geyim kolleksiyasının təqdimatı olub.
AzTehsil.com xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki tədbir “Yurd” qalereyasında keçirilib.
Tədbirlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Laçın Abadlıq Xidməti” ASC-nin rəsmiləri, həmçinin xalq rəssamları, Laçın ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Rəssamlar İttifaqının gənc üzvü, DOST İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin İsmayıllıdakı “Dost Evi” filialının təlimçisi Fuad Musayevin “Yurd çağırır məni” adlı fərdi sərgisi tamaşaçılara təqdim olunub. Əslən Laçından olan 24 yaşlı rəssamın Qarabağda keçirilən ilk sərgisində Qarabağ mövzusuna həsr olunmuş 25-dən çox rəsm əsəri, Qarabağ xatununun kolleksiyası, keramika nümunələri və xalça eskizləri nümayiş etdirilib.
Sərgidə rəsmi qonaq qismində iştirak edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, rəssam Yusif Mirzə və digərləri bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, azad edilmiş ərazilərdə mədəni həyatın bərpası, yaradıcı gənclərin burada sərgi keçirməsi bölgənin sosial-mədəni dirçəlişi baxımından xüsusi önəm daşıyır. Vurğulanıb ki, bu kimi tədbirlər Laçının mədəni simasının yenidən formalaşmasına və yerli istedadların tanınmasına mühüm töhfə verir. Gənc rəssam Fuad Musayevin istedadı yüksək qiymətləndirilərək, onun yaradıcılıq əzmi və sənətə olan bağlılığının bir çox gənclər üçün nümunə olduğu diqqətə çatdırılıb. Sonda sərginin təşkilatçılarına təşəkkür edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb və hər zaman dəstək göstəriləcəyi bildirilib.
Qeyd edək ki, Fuad Musayevi digər rəssamlardan fərqləndirən onun xüsusi istedadı və rənglər vasitəsilə duyğularını ifadə etmə bacarığıdır. Eşitmə və nitq məhdudiyyəti olan gənc rəssam hiss və təəssüratlarını rənglərin dili ilə çatdırır.
Tədbirdə başqa bir fiziki məhdudiyyətli gənc – Daun sindromlu tarzən Bəhram Rəhimli də iştirak edib və öz canlı ifası ilə sərgiyə xüsusi rəng qatıb.
Açıq səma altında keçirilən moda nümayişində isə tanınmış dizayner, K.Fabuel brendinin təsisçisi Kübra Nuriyevanın “Zəfər naxışlarının sədası” adlı geyim kolleksiyası təqdim olunub. 20-dən çox kişi və qadın geyim dəstindən ibarət bu kolleksiyada Qarabağ mövzusunu əks etdirən milli elementlər ön planda yer alıb. Eksklüziv geyim nümunələrinin hər biri dizaynerlərin əl işidir və rəsmlərdə heç bir çap (print) texnologiyasından istifadə olunmayıb. Defile “Buta” musiqi qrupunun canlı ifası ilə müşayiət olunub.