Məktəb direktoru dərs saatlarına görə pul tələb edir?- RƏSMİ AÇIQLAMA
AzTehsil.com xəbər verir ki, ötən gün editor.az portalında Bakının 249 nömrəli tam orta məktəbində dərs bölgüsü zamanı müəllimlərdən direktor Kəmalə Şıxlinskayanın adından pul tələb edilməsi barədə xəbər dərc edilmişdi. Həmin xəbərdə qeyd olunurdu ki, proses zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulur, dərs saatlarının bölüşdürülməsində əsas meyar kimi maddi maraqlar və şəxsi dostluq əlaqələri əsas götürülür.
Məsələ ilə bağlı həm 249 saylı məktəbdən, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan ditor.az-ın redaksiyasına rəsmi açıqlama daxil olub.
Məktəbdən verilən açıqlamada bildirilir ki, 2024-2025-ci tədris ili üçün dərs bölgüsü may ayında müvafiq əmrlə həyata keçirilib və bununla bağlı müəllimlərdən heç bir vəsait tələb edilməyib. Həmçinin vurğulanır ki, iddialarla əlaqədar yaxın günlərdə məktəb rəhbərliyi tərəfindən müəllim kollektivi ilə onlayn formatda görüş keçiriləcək, səsləndirilən fikirlər müzakirə olunacaq və məsələyə aydınlıq gətiriləcək.
Açıqlamada o da qeyd olunur ki, dərs bölgüsü zamanı əsas prinsip kimi şagirdyönümlülük götürülüb. Bölgü prosesində müəllimlərin diaqnostik qiymətləndirmə və sertifikasiya nəticələri, metodbirləşmə fəaliyyəti, metodiki səriştəlilik bacarıqları (sinfin idarə olunması, qiymətləndirmə, motivasiya və s.) və tədris etdiyi siniflər üzrə şagird nailiyyətləri nəzərə alınıb.
Məktəb rəhbərliyi əlavə edib ki, yeni dərs ili ərəfəsində dərs bölgüsünə yenidən baxılacaq, müəllimlərin təklifləri və müvafiq meyarlar əsasında bölgü dəqiqləşdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqlamasında isə bildirilib ki, 249 saylı məktəbdə dərs bölgüsü prosesi artıq idarə tərəfindən nəzarətə götürülüb. Yeni tədris ili ərəfəsində bölgünün mövcud qaydalara uyğun aparılması üçün məsələyə bir daha baxılacaq.