Müəllimlik peşəsi ən şərəfli PEŞƏDİR
AzTehsil.com - Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. «Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin - müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.
Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Bugün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Aşağıdakı misralarda şair insanların ilk müəllimləri ilə bağlı xoş arzularını səmimi şəkildə ifadə etmişdir:
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.
Mən və bir neçə rəfiqəm də gələcək həyat yolumuzu müqəddəs müəllimlik peşəsi ilə bağlamağı qərarlaşdırmışıq. Qəlbimizdə belə bir istəyin baş qaldırmasına səbəb sevimli müəllimlərimizin nümunəsi olmuşdur.