Ombudsman iki tələbəyə xüsusi təqaüd verəcək
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) xüsusi təqaüdü təsis edilib.
AzTehsil.com xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Təqaüdün təsis edilməsi Ombusdman Səbinə Əliyevanın müraciəti əsasında reallaşıb və BDU Elmi Şurası bununla bağlı qərar qəbul edib.
BDU və Ombudsman Aparatı arasında əməkdaşlıq bir sıra mühüm istiqamətləri əhatə edir. BDU-nun Hüquq fakültəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərin Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçmələrinə şərait yaradılır. Eyni zamanda, elmi dərəcə və zəngin təcrübəyə malik Ombudsman Aparatı əməkdaşlarının BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olmalarına imkan verilir. Bu əməkdaşlığın davamı kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) Ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.
Bu təşəbbüs tələbə və magistrlərin insan hüquqları sahəsində ixtisaslaşmasına, bu istiqamətdə elmi araşdırmaların aparılmasına daha da təkan verəcək.