“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?
Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə "Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
100 manatlıq bu təqaüdün hər il pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan ilk 300 tələbəyə şamil olunacağı bildirilmişdi.
Həmin tələbələr ixtisas seçimində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını qeyd edərək ali təhsil müəssisələrinə qəbul olunan gənclər arasından ixtisasları üzrə mütənasiblik gözlənilərək seçilməlidir.
2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan və yuxarıda qeyd edilən şərtləri ödəyən tələbələr həmin təqaüdü alacaqlarmı?
Bəzi məlumatlara görə, sözügedən təqaüd bu il verilməyəcək... Dərslərin başlanmasından xeyli vaxt ötməsinə baxmayaraq, universitetlərdə bu haqda tələbələrə bir söz deyilməyib. Hətta təqaüdün artıq ləğv olunduğu barədə də sözh-söhbət gəzir.
Aztəhsil.com xəbər verir ki, modern.az saytı məsələ ilə əlaqədar bir neçə təhsil ocağı ilə əlaqə saxlayıb.
Azərbaycan Pedaqoji Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Mənsur İbrahimovun sözlərinə görə, qeyd edilən təqaüdün verilməsində indiyə kimi hər hansı problem olmayıb:
"Məlum olduğu kimi son illər pedaqoji kadrların inkişafına xüsusi diqqət yetirilir və dövlət səviyyəsində əməli tədbirlər həyata keçirilir. Bu tədbirlər pedaqoji fəaliyyətin situmullaşdırılmasına, müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsinə xidmət edir, eyni zamanda, gənclərdə müəllim peşəsinə maraq artırır.
Bunlardan biri də Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə "Gələcəyin müəllimi təqaüdü” təsis edilməsidir. Bu günədək həmin təqaüdlərin verilməsində heç bir problem olmayıb. 100 manat təqaüd şərtlərə cavab verən tələbələrə vaxtında ödənilib. Hər halda yəqin ki, 2017/2018-ci tədris ilində də təqaüdün verilməsində problem olmayacaq”.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza bildirib ki, 2017/2018-ci tədris ilində "Gələcəyin müəllimi təqaüdü”nün tələbələrə verilməsi ilə bağlı hələ ki Təhsil Nazirliyindən cavab gözləyirlər.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyib ki, təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır:
"Qeyd etdiyiniz təqaüd ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, eyni zamanda və seçim zamanı müəllimlik ixtisasını birinci, yaxud ikinci göstərmiş tələbələrə şamil olunur. Əmrin verilməsindən keçən müddət ərzində tələbələrə həmin təqaüdün verilməsində heç problem olmayıb.
"Lakin təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır. Nazirlik versə tələbələr də alacaq, verməsə təbii ki. yox. Çünki maliyyəni verən onlardır. Yəqin ki, bu il də problem olmaz”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya belə cavab verilib:
"Təqaüdlərin verilməsi ilə bağlı hər hansı problem yoxdur. Ali təhsil müəssisələrinin sifarişlərinə uyğun "Gələcəyin müəllimi" təqaüdü ayrılacaq".