Müəllimlərin sertifikasiyasının sonuncu günüdür
Bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günüdür.
AzTehsil.com xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir.
Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Bu gün fizika və informatika fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.
Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
Xatırladaq ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Qeyd edək ki, bu günə qədər riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, coğrafiya, ibtidai sinif, kimya və biologiya müəllimləri sertifikasiyadan keçiblər