Qırmızı attestatlı kənd məktəblisinin UĞURU
Fransız dilindən ən yüksək nəticə toplayan, qırmızı attestatlı kənd məktəblisi: Dərslər yorucu olur, amma...
AzTehsil.com xəbər verir ki, teleqraf - n bu dəfəki müsahibi də kənd məktəblisidir. Süleymanzadə Xalidə Xəqani qızı 9-cu siniflərin buraxılış imtahanında fransız dili fənnindən ölkə üzrə yüksək nəticə toplayan şagirdlərdən biridir. Hətta buraxılış imtahanının fransız dili üzrə esse mərhələsində “5” almış yeganə məktəblidir.
Xalidə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdidir.
9-cu sinif buraxılış imtahanında mümkün olan 300 baldan 283 bal toplayıb.
Xalidə riyaziyyat üzrə 95.4, ana dili üzrə 97.1, fransız dili üzrə 90 bal yığıb. Deyir ki, xarici dil üzrə dinləmədə texniki problem olduğu üçün bu fənndən çox bal itirib.
“İmtahan çətin idi?” sualına isə “məncə, imtahan bilən üçün asan, bilməyən üçün çətin idi” cavabını verdi.
Xalidə deyir ki, imtahan günü çox həyəcanlı imiş, amma sualları görənə qədər.
“Sualları görəndən sonra düşündüm ki, bacararam və həyəcanımı yenib suallara fokuslandım”.
İmtahan nəticəsi də gözləntisindən üstün olub: “İmtahandan 270 bal gözləyirdim, nəticəm gözləntimdən yüksək oldu deyə sevindim. İmtahanda yaxşı nəticə göstərməyi çalışqanlığıma borcluyam. Müəllimlərimin və ailəmin dəstəyi, mənə olan inamı da çox təsir etdi. Onların inamı olmasaydı bəlkə də belə olmazdı”.
Xalidənin arzusu riyaziyyat müəlliməsi olmaqdır: “Ən sevdiyim fənn riyaziyyatdır, birinci qrupa hazırlaşıram. Arzum riyaziyyat müəlliməsi olmaqdır”.Xalidə deyir ki, çox çalışan, qazanır: “İmtahana hazırlaşan şagirdlərə demək istərdim ki, bəzən dərslər yorucu olur, adam əziyyət çəkir, amma həvəsdən düşməsinlər. Çox çalışan qazanır
Bunu unutmasınlar”.
Maraqlıdır, imtahanların test üsulu ilə keçirilməsi haqda şagirdlər nə düşünürlər?
Xalidə “imtahanların test sistemində keçirilməsi çox yaxşıdır, çünki açıq suallar adamı yorur və vaxt alır”, deyir.
Nə vaxtsa “kaş şəhər məktəbində oxuyardım” da deməyib.
“Məktəbimiz heç nəyi ilə şəhər məktəbindən geri qalmır. Dərslərin keyfiyyəti, müəllimlərin bizə yanaşması – hər şey yaxşıdır. Sinif yoldaşlarımı, dostluqlarımızı da çox sevirəm”.
Xalidənin valideynləri orta təhsillidirlər. Qızlarının ali məktəbə qəbul olub, tələbə adı qazanmasını arzulayırlar. Anası deyir ki, qızının uğuruna çox sevinir və onun yaxşı nəticə göstərməsində əməyi olan müəllimlərinə təşəkkür edir.
Xalidə deyir ki, imtahanlara hazırlaşmaqda müəllimələri çox dəstək olublar: "Kamilə, Afaq, Aygün, Həbibə müəllimələrə, məktəbimizin bütün müəllim kollektivinə təşəkkür edirəm. İbtidai sinif müəlliməm Xəyalə müəlliməyə də xüsusi minnətdaram".
Qeyd edək ki, Xalidə həm də doqquzuncu sinfin buraxılış imtahan nəticəsi ilə qırmızı attestat alıb.