Tədris digər dillərdə aparılan 1-cilər üçün məktəb seçimi başlayır
Bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixdən 27 iyun saat 18:00-dək “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesi aparılacaq.
Qeyd edək ki, yuxarıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir.
Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci siniflərinə həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə qəbul yalnız müsabiqə yolu ilə aparılır. Qeyd edilən tarixlərdə həmin müəssisələr üçün də müsabiqələrə yazılma aktiv olacaq.