Misir Mərdanov: “Qərbi Azərbaycanın tarixi ilə bağlı dərs vəsaitimiz yoxdur”
“Qərbi Azərbaycana qayıdışla bağlı ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır”.
Bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, bu gün Qərbi Azərbaycana qayıdış ən ciddi məsələlərdən biridir: “Bizim ən çatışmayan cəhətlərimizdən biri Qərbi Azərbaycan tarixini çatdıran dərs vəsaiti və monoqrafiyalarımızın olmamasıdır. Hesab edirəm ki, bu məsələyə alimlərimiz və Elm və Təhsil Nazirliyi diqqətlə yanaşmalıdır. Hökmən bu məsələ ilə əlaqədar çalışmalıyıq. Digər məsələ isə 1988-ci ilin sonunadak Qərbi Azərbaycanda yaşayan insanların sayının getdikcə azalmasıdır. Mən media nümayəndələrinə müraciət edirəm ki, qərbi azərbaycanlılarla bağlı filmlər çəksinlən və yaxud yazılar yazsınlar”.
M.Mərdanov bildirib ki, bir zamanlar Şuşaya, Qarabağa qayıdışa inanmırdılar: “İndi həmin düşüncələr Qərbi Azərbaycana qayıdışla bağlı da var. Mən 2001-ci ildə həmin ərazilərə səfər etmişəm. Orada demək olar ki, məşkunlaşan yox idi. Ona görə də Qərbi Azərbaycana qayıdışla bağlı ümidli olmalıyıq və 44 günlük müharibədə Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə zəfərə nail olduq. Gəlin, Qərbi Azərbaycana qayıdışa ögey yanaşmayaq və hər birimiz bu məsələdə əlimizdən gələni edək”.