Lənkəranda şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu - FOTO
Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə yeni direktor təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. Məktəb-liseyə Kazımova Səadət Şirməmməd qızının direktor təyin edildiyi bildirilib.
Bundan başqa, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan daha 3 məktəbə yeni direktor təyin edilib.
Məmmədova Aynur Mahir qızı isə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə, Cəfərov Fikrət Allahverən oğlu Havzava kənd A.Əliyev adına tam orta məktəbinə, Quliyev Elnur İsrayıl oğlu Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə direktor təyin olunub.
Təyinatlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, bu ilin iyul ayında Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı zorakılıq hərəkətləri edilib.
9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb. Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.
Məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərova işdən azad edilib.